BƏYANAT: Ermənistan işğal olunmuş ərazilərdə və sərhəd bölgəsində su ehtiyatlarını çirkləndirməkdə davam edir

Hadisə 15-sen, 11:159 nara 348 0
BƏYANAT: Ermənistan işğal olunmuş ərazilərdə və sərhəd bölgəsində su ehtiyatlarını çirkləndirməkdə davam edir


Xarici İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə bəyanat yayıb.
Bildirilib ki, Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və transsərhəd səviyyədə su ehtiyatlarının mühafizəsi və idarəçiliyi ilə bağlı beynəlxalq hüququn bütün prinsiplərini pozmaqda davam edir.

Ermənistan tərəfindən işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarımızda təbiətə qarşı düşmən münasibət və ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır.

Ermənistan tərəfindən transsərhəd çayların ağır formada çirkləndirilməsi nəticəsində sözügedən çaylarda canlı aləmin yaşayışı üçün böyük təhlükə yaranıb. Bununla yanaşı, işğal olunmuş ərazilərdə su anbarlarından istifadə qeyri-mümkün olub və texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan əhali üçün potensial təhlükə mənbəyinə çevrilib.

Ermənistanın BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiyaya qoşulmaması sərhədlərarası su problemlərinin beynəlxalq normalar çərçivəsində həllini mümkünsüz edir.
Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələbini özündə əks etdirən Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilən Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2016-cı ildə qəbul edilən 2085 saylı qətnamə icra edilməyib.

Əksinə, Ermənistan bu istiqamətdə fəaliyyəti daha da genişləndirib. Son günlər Ermənistanın Tavuş rayonunun Dovex kəndindən keçərək Qazax rayonunun Kəmərli kəndindəki su anbarına tökülən İncəsu çayının qarşısının alınması yerli əhalini sudan məhrum edib.

Beynəlxalq hüquq prinsiplərinin və insan hüquqlarının ciddi pozulması halı olan bu vəziyyət eyni zamanda, beynəlxalq səviyyədə qəbul edilən sənədlər, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və İqlim dəyişmələri üzrə Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində ciddi çətinliklər yaradır.

Ermənistan rəhbərliyinin son zamanlar nümayiş etdirdiyi açıq təxribatçı fəaliyyətə ekoloji terror əməllərinin də əlavə olunması, bu təcavüzkar ölkənin beynəlxalq hüquq və fundamental insan haqlarını kobud şəkildə pozmaqla yanaşı, bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqda davam etdiyini göstərir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamağa və işğalçı ölkənin bu kimi qeyri-qanuni əməllərinin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırıq.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr