Cəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - YENİLƏNİB

Gündəm / Siyasət 05-okt, 11:449 xeberler2022 294 0
Cəbrayılda avtomobil servis mərkəzinin təməli qoyuldu - YENİLƏNİB


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

Prezident İlham Əliyev “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı burada Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri Albert Kərimov və “KamAZ” ASC-nin baş direktorunun müavini Rüstəm Şamsutdinovla görüşüb.

Albert Kərimov Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Rüstəm Minnixanovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Tatarıstan Prezidentinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı Rüstəm Minnixanovla keçirdiyi görüşləri xatırladıb.

Tatarıstan Respublikasının Baş nazirinin müavini Füzuli Beynəlxalq Hava Limanına endiklərini bildirib və bu hava limanının yüksək səviyyədə yaradıldığını qeyd edib.

Bildirilib ki, son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq “KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək. Mərkəzdə “KamAZ” ilə yanaşı, digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcək. Burada 36 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

“KamAZ” ASC-nin “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə layihəsinə 2014-cü ildə start verilib. “KamAZ”ın ilk partiyası 2015-ci ildə buraxılıb. Hazırda orada 8 model “KamAZ” buraxılır və indiyədək 1000-dən çox maşın istehsal olunub. Əməkdaşlığın inkişafı ilə bağlı perspektiv planlar da var. Belə ki, Rusiya bankının maliyyəsinin cəlb edilməsi ilə gələcəkdə lizinq şirkətinin, ehtiyat hissələri üzrə regional anbarların yaradılması, mövcud xidmət mərkəzlərinin müasirləşdirilməsi nəzərdə tutulur. Bundan başqa, Cəlilabad, İsmayıllı və İmişlidəki servis mərkəzləri modernləşdiriləcək. Diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə yükdaşımalarının həcmi artacaq.

***

Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub.

Təməlqoyma mərasimində Prezident İlham Əliyev iştirak edib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr