Daha bir sahibkarın malı Gömrükdə xarab olur - "Makgo Global” aidiyyatı qurumlara müraciət etdi
Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı daha bir narazılıq. Sahibkar ölkəyə gətirdiyi 740 kq bitki çaylarını 10 gündür Gömrükdən çıxara bilmir.
Belə ki, "Makgo Global” Şirkətinin rəsmi təmsilçisi Ayaz Qocamanov Bizimxeber.az-a etdiyi müraciətdə bildirib ki, 10 gündür ölkəyə gətirdikləri 740 kq bitki çayılarını Sümqayıt Gömrük Baş İdarəsindən çıxara bilmir: "Bütün sənədlər qaydasındadır.
Dövlət rüsümu tam ödənilib. Bəyənamə də açılıb. Amma qiymətləri qaldırmaq üçün əlavə ödənişlər tələb edirlər. Bu isə qanunlara ziddir. Ötən gün öhdəçilik aktı da yazdıq ki, mallarımızı versinlər, daha sonra məhkəməyə müraciət edək. Bitki çayları xüsusi olaraq sərin şəraitdə saxlanmalıdır. Amma hazırda 10 gündür anbarda saxlanılır ki, bu da çayların xarab olması ilə nəticələnə bilər. Görünür məqsədləri bizə ziyan vurmaqdır. Səbəbsiz olaraq malımız 10 günə yaxındır ki, anbarda, şəraitsiz yerdə saxlanılır".
Sahibkar deyir ki, əlavə ödəmələr süni qiymət artımı üçün bir əsasdır. Bu hallar qəbulerlməzdir və aidiyyatı qurumlardan xahiş edirəm baş verənləri araşdırsınlar.
Komitənin Coşqun İsmayilov adlı rəsmi əməkdaşı rəsmən deyir ki, “malların qiymətləndirlməsi onlar deyən kimi olmalıdır, yəni baha göstərilməlidir. Başqa halda rəsmiləşdirmə olmayacaq. Burdan DGK-nin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevə səslənirəm. Bu hansı qanun-qaydadır? Bunun adı nədir?” deyə sahibkar Komitə sədrinə suallar ünvanlayıb.
Bir neçə gün əvvəl mətbuatda verilən məlumatda bildirilirdi ki, DGK-da bu "fəaliyyətə" Səfər Mehdiyevin Asiman adlı bacısı oğlu rəhbərlik edir. Komitə sədrinin bacısı oglu Asiman həm də Gömrük Komitəsinin Gömrük Risqlərinin idarəolunması və audit baş idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərid Əliyevin müavinidir. Bütün bu qanunsuz işləri isə sözügedən idarənin Coşqun İsmayılov adlı əməkdaşı "tənzimləyir".
Məlumat üçün bildirək ki, məlumatı araşdırmaq üçün DGK-ya etdiyimiz müraciət və sorğuya hələ cavab verilməyib.