Azərbaycan alimləri, ölkəmizin hər bir vətəndaşı kimi öz bacarıqlarını və biliklərini Vətənimizin xoşbəxt gələcəyinə, ərazi bütövlüyünə həsr etməyə, canlarını qurban verməyə hazırdırlar!
Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyib müqəddəs Azərbaycan torpaqlarına göz dikməsi, vəhşıcəsinə dinc evləri və sakinləri atəşə tutması nəticəsində Azərbaycan xalqının övladları həlak olmuşdur. Həlak olanlar içərisində uşaqlar da vardır. Bütün bunlar dünya ictimaiyyətini, nəhayət, oyatmalı, xain, irticaçı və terroru dövlət siyasətinə çevirmiş Ermənistanın beynəlxalq səviyyədə cəzalanması ilə sonlanmalıdır. Hal hazırda Azərbaycan Ordusu düşmənə qan uddurur, onu qaçmağa məcbur edir. Lakin biz bu bəladan, erməni işğalından birdəfəlik qurtulmalıyıq. Dünya ölkələri Azərbaycanda baş verənləri “erməni süzgəcindən” keçməklə deyil, bizim özümüzdən eşitməlidirlər. Azərbaycan alim və ziyalıları bu istiqamətdə əhəmiyyətli addımlar atmaqdadır. Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, “Şöhrət” ordeni laureatı professor, Vaqıf Bilas oğlu Şadlinski sədri olduğu “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin adından bu birliyin Azərbaycan Respublikası tərəfindən üzv olduğu Anatomlar Assosiasiyalarının Beynəlxalq Federasiyasına (IFAA), təşkilata bütün üzv ölkələrin tanınmış alimlərinə müraciət etmişdir. Müraciətlə yanaşı Azərbaycan ərazisində erməni cəlladlarının törətdiyi vəhşilikləri əks etdirən foto-materiallar da dünya alimlərinə göndərilmişdir. V.B.Şadlinski müraciətdə yazmışdır:
“Hörmətli həmkarlar!
Biz sülhpərvər bir ölkənin, Azərbaycanın vətəndaşları kimi Sizə müraciət edirik. Ermənistanın irticası və torpaqlarımızın işğalı davam edir. Ermənistan ordusu özünün yeganə taktikası kimi dinc evlərin atəşə tutulmasını seçmişdir. Qocalar, uşaqlar, azyaşlı uşaqlar həlak olur. Azərbaycan Ordusu torpaqlarımızı geri qaytarmaq uğrunda qəhrəman addımlar atır. Bu gün Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Biz, Azərbaycan alimləri, dünyanın bütün anatomlarını, bütün alimlərini Azərbaycanın haqq səsinə səs verməyə, bizim körpələrimizin vəhşicəsinə qətlə yetirilməsinə qarşı çıxmağa çağırırıq. Vaqif Bilas oğlu Şadlinski Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, “Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti” İctimai Birliyinin sədri, Əməkdar elm
xadimi, professor.” Görkəmli Azərbaycan aliminin müraciətinə dərhal cavablar gəlmişdir. Anatomlar Assosiasiyaları Beynəlxalq Federasiyasının (IFAA) rəhbərliyinin cavablarını təqdim edirik. Anatomlar Assosiasiyasının Beynəlxalq Federasiyasının (IFAA) Vitse prezidenti, Bursa Uludağ Üniversitesi Tip Fakültesi Anatomiya kafedrasının müdiri, professor Erdoğan Şendemir yazmışdır:
“Hörmətli Vaqif müəllim!
Mənə elə gəlir ki, türk xalqı üçün dillər əzbəri olan “Can Azərbaycan” kəlmələri ilə hər şey deyilmişdir. Elmi cəmiyyətimizin hər bir üzvü Sizin müraciətinizdən xəbərdar olacaqdır. Ümid edirəm ki, Azərbaycan öz torpaqlarını alacaqdır. ”Anatomlar Assosiasiyasının Beynəlxalq Federasiyasının (IFAA) Baş katibi, Tədqiqatlar Etikası Komitəsinin sədri, anatomiya kafedrasının müdiri, professor Dioqo Pais (Lissabon, Portuqaliya) yazır:
“Əzizim Vaqif müəllim!
Sizin müraciətiniz həqiqətən də bizi üzür, Ermənistanın Azərbaycan torpaqlarına silahla daxil olması yolverilməzdir. Birləşmiş Millətlər Təşkilatı Azərbaycan xalqının xeyrinə addımlar atmalıdır. Mən vəhşiliklərə məruz qalmış və həlak olmuş insanlarınız üçün dua edirəm.” Cavablar hal-hazırda gəlməkdədir. Azərbaycan alimləri, ölkəmizin hər bir vətəndaşı kimi öz bacarıqlarını və biliklərini Vətənimizin xoşbəxt gələcəyinə, ərazi bütövlüyünə həsr etməyə, canlarını qurban verməyə hazırdırlar!