Amnistiya aktı neçə nəfərə şamil olunacaq?
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
"Bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.
Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.