Ərəb ölkələrində edam cəzasının ləğvi üçün beynəlxalq komitə qurulub
Ərəb ölkələrində edam cəzasının ləğvi üçün beynəlxalq komitə yaradılıb.
"Xarici KİV xəbər verir ki, Tunisin keçmiş prezidenti Munsif al-Mərzukinin rəhbərliyi altında ərəb ölkələrində edam cəzasının ləğvi üçün beynəlxalq bir komitə qurulub.
ABŞ, Avropa və Ərəb dünyasından 100 nəfərin iştirakı ilə keçirilən iclasda ərəb ölkələrində edam cəzası müzakirə edilib.
Komitənin sədri Tunisin keçmiş prezidenti Munsif al-Mərzuki seçilib. İnsan Hüquqları Təşkilatının sabiq sədri Sarah Lih Vitson, nobel mükafatlı yəmənli aktivist Təvəkkül Kərman və keçmiş Suriya müvəqqəti hökumətinin rəhbəri Əhməd Tuma komitənin üzvləri arasındadır.
Ölüm cəzasının tətbiq olunduğu bir çox ölkədə məhkəmə sistemində şəffaflığın və ədalətin olmaması ilə bağlı aparılan dərin müzakirələr nəticəsində sözügedən komitənin yaradılmasına qərar verilib.
Misir rejimindən son vaxtlar siyasi məhbuslara verilən ölüm hökmlərini icra etməmələri istənilib.
İnsan haqları təşkilatları tərəfindən bir çox ərəb ölkəsi edam cəzasını müxalifləri susdurma vasitəsi olaraq istifadə etməkdə ittiham edilir.
Qeyd edək ki, Misirdə Qahirə Cəza Məhkəməsi tərəfindən 2018-ci ilin sentyabrında dövlət çevrilişində ittiham edilən 12 nəfərə verilən hökm 14 iyun tarixində Ali Məhkəmə tərəfindən təsdiq edilib.
Xatırladaq ki, dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunub və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla qadağan edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir.