190 manat ödənişlə bağlı müəmmalı səs yazısı - NAZİRLİKDƏN REAKSİYA

Cəmiyyət 13-okt, 11:509 xeberler2022 227 0
190 manat ödənişlə bağlı müəmmalı səs yazısı - NAZİRLİKDƏN REAKSİYA


Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdirinə aid olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında deyilir ki, işsiz kimi müraciət edənlərdən status verilməyənlərə “torpağı var” yazılsın. Həmin səs yazısında deyilənlərin bir hissəsini təqdim edirik:

“Məşğulluq Mərkəzlərinə xəbər verin, hamısı işə çıxsın. Axşama qədər bu məsələni həll etməliyik, hamısına işsiz statusu vurulsun. Rayon Məşğulluq Mərkəzlərinə deyin bu gün axşam saat 9-a qədər status verdiklərini versinlər, verə bilmədiklərinin qarşısına “torpaq payı ehtimal olunur” yazsınlar və siyahını Adil Hüseynova qaytarsınlar. Bu məsələ təcilidir və cənab nazirin tapşırığıdır”.  

Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev yayılan səs yazısına münasibət bildirib. O deyib ki, iddia qərəzli və əsassızdır:

“Bir neçə sosial şəbəkə səhifəsində pandemiya dövründə birdəfəlik ödəmə təyinatlarının guya elektron sistemlər üzərindən deyil, yerli məşğulluq orqanlarının xətti ilə təyin edildiyi barədə ortaya atılan iddia qərəzli və əsassızdır. Bu iddianı guya sübutlayacaq səs yazısının kontekstdən çıxarılmış formada paylaşılması da süni ajiotaj yaratmağa, “190 manat birdəfəlik ödəmə” mövzusunda sadə insanların “layk”larını toplamaq üçün növbəti ucuz şou qurmağa hesablanıb.

Bir daha bildiririk ki, birdəfəlik ödəmə təyinatları qanunvericilik əsasında bu ödəməni alacaq şəxslər müəyyən edilərək həyata keçirilib. Həmin şəxslər, yəni aztəminatlı işsiz şəxslər 25-dək qurumun elektron məlumat sistemlərindən əldə edilmiş məlumatlar əsasında müəyyən ediliblər. Ödəmələr də Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçirilib və hüququ yaranan şəxslərin bank hesablarına köçürülüb, həmçinin bir qisminə “Azərpoçt” vasitəsilə ödənilib”.

Qurum rəsmisi bildirib ki, yerli məşğulluq orqanlarının birdəfəlik ödəmənin təyin edilməsi prosesində heç bir iştirakı olmayıb. Yalnız onlayn müraciətlər üzrə işsiz şəxslərin müəyyən edilməsinin sürətləndirilməsi üçün qanunvericiliyə uyğun olaraq yerli məşğulluq orqanları prosesdə iştirak edib:

“Kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər qanunvericiliyə əsasən, məşğul şəxslər hesab olunurlar. Həmin şəxslərin torpaq payına malik olub-olmamasına dair e-informasiya sistemlərindən məlumat əldə edilib. E-sistemdə həmin məlumatları olmayan, lakin torpaq payına malik olduğu ehtimal edilən şəxslərin siyahıları dəqiqləşdirmə aparılması üçün müvafiq quruma göndərilib, sadəcə olaraq həmin yoxlama dövründə işsiz statuslarının verilməsi müddəti ləngidilib. 

Yerli qurumlara bu barədə verilən göstərişlə bağlı sosial şəbəkədə paylaşılan səs yazısı da əslində dezinformasiya məqsədilə kontekstdən çıxarılaraq, yarımçıq halda təqdim edilir. Verilən göstərişlərin hamısı birdəfəlik ödəməni tənzimləyən müvafiq qərarın tələbləri çərçivəsində olub”.

“Birdəfəlik ödəməni almış 600 min şəxsin adı şəffaflığın təmin olunması üçün ictimaiyyətə açıq olaraq internet resursunda yerləşdirilib. Fərdi məlumatların qorunması məqsədilə hər bir vətəndaşın FİN kodunun yalnız bir neçə rəqəmi siyahıda əks olunub”, - deyə M. Musayev əlavə edib.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr