Təhsilə və Elmə Həsr Olunmuş Ömür – Professor Akif Cahangirovun Uğurlu Rəhbərlik Yolu

--- 24-apr, 10:039 xeber 13 0
Azərbaycan təhsil sistemində peşəkarlığı, idarəçilik bacarığı və elmi fəaliyyəti ilə seçilən nüfuzlu simalardan biri də Bakı Texniki Kollecinin direktoru, professor Akif Cahangirovdur. Uzun illərdir ki, ali və orta ixtisas təhsili sahəsində səmərəli fəaliyyəti ilə tanınan Akif müəllim bu gün də ölkənin texniki təhsilinin inkişafına mühüm töhfələr verməkdədir. 
Akif Əli oğlu Cahangirov 1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatı” fakültəsinə daxil olmuş, 1986-cı ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. Əmək fəaliyyətinə mühəndis kimi başlayan Akif müəllim qısa müddətdə öz bacarığı və məsuliyyəti ilə seçilmişdir. 
Onun həyat yolunda elm və təhsil daim ön planda olmuşdur. Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışan Akif Cahangirov həm pedaqoji, həm də idarəçilik sahəsində böyük təcrübə toplamışdır. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə edərək texnika elmləri doktoru adına layiq görülmüş, professor elmi adı qazanmışdır. Elmi araşdırmaları, konfranslarda çıxışları və nəşr olunan çoxsaylı məqalələri onun elmə bağlılığının göstəricisidir. 
2020-ci ildən etibarən Bakı Texniki Kollecinə rəhbərlik edən professor Akif Cahangirovun fəaliyyəti dövründə kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbələr üçün müasir təhsil mühitinin yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Onun rəhbərliyi ilə kollecdə nizam-intizam, innovativ yanaşma və tələbəyönümlü idarəçilik prinsipləri daha da möhkəmlənmişdir. 
Akif müəllim yalnız rəhbər kimi deyil, həm də qayğıkeş pedaqoq kimi kollektiv və tələbələr arasında böyük hörmət qazanmışdır. O, gənclərin vətənpərvər ruhda yetişməsi, texniki biliklərə yiyələnməsi və gələcəyin peşəkar mütəxəssisləri kimi formalaşması üçün daim çalışır. Təhsil ocağında keçirilən sosial, mədəni və idman tədbirlərinə verdiyi dəstək bunun bariz nümunəsidir. 
Dövlət tərəfindən onun əməyinə yüksək qiymət verilmiş, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Bu mükafatlar Akif Cahangirovun illərlə gördüyü fədakar əməyin və ölkə təhsilinə xidmətinin layiqli nəticəsidir. 
Professor Akif Cahangirov bu gün də öz biliyi, zəhməti və yüksək idarəçilik keyfiyyətləri ilə Bakı Texniki Kollecinin uğurlarına yeni uğurlar əlavə edir. Belə ziyalı rəhbərlərin fəaliyyəti Azərbaycan təhsilinin gələcəyinə böyük ümid verir.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr