
“Musiqi və incəsənət təhsili sahəsində müəllimlərin qiymətləndirilməsində yeni mərhələ başlayır. 29 aprel 2026-cı il tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla “Təhsil haqqında” Qanuna və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər təsdiq edilib”.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı olaraq bu gün jurnalistlər üçün brifinq təşkil olunub.
Brifinqdə çıxış edən hüquq elmləri doktoru, professor Mayis Əliyev bildirib ki, qəbul olunmuş yeniliklər musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin qiymətləndirilməsi mexanizminin müasirləşdirilməsini nəzərdə tutur: “Yeni yanaşmaya əsasən, incəsənət müəllimlərinin peşəkar bilik və bacarıqları artıq ənənəvi attestasiya yolu ilə deyil, sertifikatlaşma mexanizmi vasitəsilə müəyyən ediləcək. Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş qanunvericilik təşəbbüsü Milli Məclisdə üç oxunuşda müzakirə olunaraq qəbul edilib. Dəyişikliklərə ehtiyac həm ictimaiyyət nümayəndələrinin, həm də pedaqoji kollektivlərin Nazirliyə ünvanladıqları çoxsaylı müraciət və təkliflər əsasında formalaşıb”.
Mədəniyyət Nazirliyinin Elm və təhsil sektorunun müdiri Muraz Məmmədov isə bildirib ki, son iki il ərzində 10 min müəllim attestasiya olunub və onların 70 faizdən çoxu uğurlu nəticə göstərib: “Bu dövr ərzində incəsənət müəllimləri üçün yeni fəaliyyət öhdəlikləri də formalaşıb. Bunlara ehtiyaclara uyğun təlimlər, işə qəbulda yeni yanaşmalar, ali təhsil müəssisələri ilə sistemli əməkdaşlıq, nəticələrə əsaslanan diferensial əməkhaqqı və optimal dərs bölgüsü daxildir.
Attestasiya nəticələrinə əsasən, musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin dərs saatlarının artması ilə paralel olaraq orta əməkhaqqı 25 faiz yüksəlib.
Əvvəlki attestasiya modeli əsasən inzibati nəzarət funksiyasını daşıyır və daha çox formal meyarlar üzərindən qiymətləndirməyə üstünlük verirdi. Yeni sertifikatlaşma modeli isə müəllimlərin real peşəkar kompetensiyalarını, pedaqoji ustalığını, yaradıcı yanaşmasını və şagird nəticələrinə təsirini ölçməyi hədəfləyir.
Fərmanda qeyd olunduğu kimi müəllimlərin sertifikatlaşdırılması ilə bağlı müvafiq qaydalar hazırlanacaq və biliklərin qiymətləndirilməsi bu yeni mexanizm əsasında davam etdiriləcək. Attestasiyada iştirak etməmiş bəzi bölgələrin təhsilverənlərinin sertifikatlaşmada iştirakı ilə bağlı prosedurlar barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək”.
Lamiyə Məmmədova





































