Spiker: “Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda davam edir” - FOTO
Slovakiyaya rəsmi səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ölkənin Baş naziri Eduard Heger ilə görüşüb.
Görüş barəsində Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə Baş nazir Milli Məclis sədrini salamlayaraq, Azərbaycanın Slovakiya üçün dost və ən müxtəlif istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Eduard Heger iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini xüsusilə qeyd edib.
Spiker isə öz növbəsində Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib ki, səfər ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcək.
Parlamentlərarası əlaqələrin hazırki səviyyəsi haqqında da danışan Milli Məclisin sədri qeyd edib ki, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycanla Slovakiya arasında münasibətlərin inkişafına xidmət edir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər.
Görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə haqqında Baş nazirə geniş məlumat verən spiker Sahibə Qafarova qeyd edib ki, bu zəfər nəticəsində Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad edərək, həm tarixi ədaləti, həm də ərazi bütövlüyünü bərpa edib. Bununla ölkəmiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını öz gücü hesabına həyata keçirib. Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirdiyini vurğulayan Sahibə Qafarova deyib ki, ölkəmiz Ermənistanın 30 illik işğalı dövründə erməni vandalları tərəfindən tamamilə dağıdılan, məhv edilən şəhər və rayonları, yaşayış məntəqələrini, infrastrukturu, mədəni, tarixi və dini abidələri bərpa edir, yenidən qurur.
Milli Məclisin sədri həmçinin, Ermənistanın bölgədə daimi sülhün və təhlükəsizliyin təmin edilməsinə mane olan təxribatları barədə də məlumat verib. O, Ermənistanın silahlı cinayətkar terrorçu qrupları işğaldan azad olunan ərazilərə göndərməsi, 10 noyabr bəyanatından sonra saxlanılan terrorçuları hərbi əsirlər kimi təqdim etməyə çalışması, minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında faktları diqqətə çatdırıb. Spiker xüsusilə vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 nəfər mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb. Bu isə bir daha onu göstərir ki, Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozmağa davam edir.
Söhbətdə spiker Sahibə Qafarova Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizədə görülən işlər, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə reallaşan beynəlxalq tədbirlər barədə məlumat verib.