Prezident: “Son dövrdə Ermənistandan statusla bağlı heç bir bəyanat eşitməmişik”
“Səmimi desəm, son dövrdə biz Ermənistandan statusla bağlı heç bir bəyanat eşitməmişik”.
Bunu Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, Qarabağın statusu ilə bağlı fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir.
“Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur”.
İlham Əliyev xatırladıb ki, bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı fərman imzalayıb.
“Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”, - deyə İlham Əliyev əlavə edib.