Bakı bir sıçrayışla qalan əraziləri də qaytaracaq!.. - ŞOK GƏLİŞMƏ!

Siyasət 30-sen, 10:409 xeberler2022 256 0
Bakı bir sıçrayışla qalan əraziləri də qaytaracaq!.. - ŞOK GƏLİŞMƏ!


Azərbaycan yeni savaş istəmir, ancaq müharibəyə də hər an hazırdır!; Prezidentin mesajları yanlış anlaşılarsa, Bakının verəcəyi qərar bəlli...
Azərbaycan Prezidenti “France 24” telekanalına srağagünkü müsahibəsində ölkəmizin prinsipial mövqeyini növbəti dəfə, qəti şəkildə Qərb auditoriyasına çatdırdı. “Dağlıq Qarabağ konflikti” tarixdə qalıb, Azərbaycan coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı heç bir inzibati ərazi vahidi yoxdur, demək, “Dağlıq Qarabağın statusu” müzakirə mövzusu ola bilməz və Qarabağda qalan ermənilər Azərbaycanın digər vətəndaşları kimi eyni hüquqlara malikdirlər.

Fransız teleaparıcının “Yəni onlara muxtariyyət verilməyəcək, bu, artıq müzakirə mövzusu deyil?” dəqiqləşdirici sualına cavabında İlham Əliyev “Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil”, - deyə sərt formada dövlətimizin mövqeyini ifadə elədi. Azərbaycan lideri onu da vurğuladı ki, “statusla” bağlı belə absurd tələblər nəinki qəbuledilməzdir, hətta təhlükəlidir.

*****

Gerçəkdən də biz - qalib Azərbaycan nədən ağrımayan başına təzədən dəsmal bağlamalı, öz əlimizlə öz altımıza növbəti “gec partlayan separatizm bombası” qoymalıyıq? Bizi nə hesab edirlər, görəsən? Məgər biz ermənilərin yerə-göyə sığmayan iddialar və ədalarla yaşayan necə həyasız bir toplum olduğunu bilmirik? Bilirik. Həm də hamıdan yaxşı. Odur ki, onlara Azərbaycan tərkibində başqa etnik icmalarla müqayisədə təzədən hər hansı üstünlük, imtiyaz tanına bilməz. Onlar bundan yenə Azərbaycan dövləti və xalqına qarşı radikal separatçılıq üçün istifadə edəcəklər.



Şübhəsiz ki, ATƏT-in Minsk Qrupunu israrla diriltməyə çalışan, hətta üzdəniraq həmsədrlərin Xankəndinə yeni səfər planlarını (!) quran Qərbdəki bəzi mərkəzlərin və paytaxtların əsas həddi də məhz budur: erməninin əli ilə Azərbaycana qarşı köhnə-təzə təzyiq rıçaqı yaratmaq. Bu isə olmayacaq.

“Prezident İlham Əliyevin mövqeyinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın ərazisində ”Dağlıq Qarabağ"ın heç bir statusu olmayacaq. Erməni əhalisi Qarabağda yalnız Azərbaycana inteqrasiya etməklə, Azərbaycan Respublikasının digər vətəndaşları kimi eyni hüquqlara malik olmaqla qala bilər".



Sergey Markov 

Bunu rusiyalı politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, Naxçıvan kimi Qarabağ erməniləri üçün heç bir muxtariyyət verilməyəcək, çünki ermənilər bunu belə, haqq etməyiblər: “Burada da tarixə əsaslanan tamamilə rasional, düzgün məntiq var. Əgər ermənilərin separatizmi olmasaydı, müharibə də olmazdı. Bakı bu acı təcrübəni artıq bilir və o, ermənilərə heç bir muxtariyyət verməyəcək. Ona görə bütün Azərbaycanda olduğu kimi, Qarabağda da müxtəlif millətlərin nümayəndələri yan-yana yaşamalıdırlar. Digər variantları Azərbaycan heç yaxınına belə buraxmayacaq”, - deyə rusiyalı ekspert qeyd edib.

Markov onu da vurğulayıb ki, əgər Ermənistan 10 noyabr üçtərəfli sazişi yerinə yetirməsə, müəyyən müddətdən sonra Azərbaycan heç bir çıxış yolu görmədiyi üçün bir hərbi sıçrayış edə və Qarabağda qalan əraziyə nəzarəti əlinə götürə bilər: “Bakı bir sıçlayışla Xankəndi də daxil olmaqla, bütün ərazilərini qaytara bilər”, - deyə o bildirib.

*****

Ancaq Azərbaycan sülhpərvər ölkə kimi yenidən qan tökülməsini istəmir.

“Biz gələcəyə strateji baxımdan sülh prizması ilə baxırıq. Çünki mən bir daha savaşın olmasını istəmirəm. Ermənistan tərəfdən qisasçı addımlar baş qaldırmasa, biz bir daha savaş başlatmayacağıq. Əgər Ermənistanda bizə qarşı hər hansı təhdid yarandığını görsək, o təhdidi aradan qaldırmalıyıq. Bu bizim legitim haqqımızdır. Amma belə təhdid olmasa, bizim başqa düşüncəmiz də olmayacaq”.

Bu sözləri İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə son müsahibəsində söyləyib.

Ölkə başçısı həmçinin erməni tərəfini, Qarabağdakı erməni əhalini bir daha ciddi  düşünməyə və yeganə doğru qərar verməyə dəvət edib: “Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dönəmində də, ondan əvvəl də. İşğal dövründə də belə idi. Biz onları Azərbaycan vətəndaşı olaraq görürük. Sadəcə, onlar bunu qəbul etməlidirlər. Onlar bu erməni təbliğatından xilas olmalıdırlar. Öz gələcəklərini, uşaqlarının gələcəyini təmin etməlidirlər. Biz hazırıq onları da işlərə cəlb etməyə. Nədən etməyək. Qarabağda yaşayan 25 min erməni də inşaat, bərpa işlərində yer ala bilər. Eyni zamanda gələcəkdə yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün də şərait yaradarıq”.

Yaxud ölkə başçısının belə bir sitatı: “Bunları hər şeydən əvvəl öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər qısa zamanda oraya dönə bilsinlər. Artıq birinci pilot kənd layihəsi Zəngilanda ilin sonuna, ya da gələn ilin əvvəlinə qədər hazır olacaq. Qarabağda yaşayan ermənilər də bunu görürlər. Çünki bizim televiziyalarımıza baxır, radiolarımızı dinləyirlər. Burada hansı işlərin görüldüyünü görürlər. Artıq bir neçə erməni bizim Şuşada hərbi mövqelərimizə gələrək onların da bu işlərə cəlb edilməsini xahiş ediblər. Bu da təsadüfi deyil. Onlar orada işsiz-gücsüz qalıb. İşsizlik, səfalət və ümidsizlik içərisindədirlər. Biz buna müsbət yanaşırıq. Amma bunun qanuni tərəfinin tam oturuşması lazımdır. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız olaraq qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar”.

*****

Belədirsə, onlar mütləq Azərbaycan dövlətinə və xalqına sayğılı olmalı, konstitusiyamızı qəbul eləməlidirlər. Əks halda, yol - Laçın dəhlizi açıqdır. Əks təqdirdə, yəni rəsmi Bakının xoşməramlı jest və mesajları yanlış anlaşılarsa və “şeytan yuvası”nda təzədən radikal separatçı hərəkatlar baş qaldırarsa, qanunsuz silahlı dəstələr özlərini rahat hiss edərsə, kəsəsi, səbrimiz yenə sınağa çəkilərsə, Azərbaycanın tərəddüd eləmədən verəcəyi qərar məlum: antiterror əməliyyatı gerçəyə çevriləcək və Rusiya “sülhməramlıları” da buna əngəl ola bilməyəcək. Niyə əngəl ola bilməyəcək?

Çünki “44 günlük müharibə Cənubi Qafqazda siyasi və hərbi balansı kökündən dəyişib”.



Ruslan Puxov

Bunu artıq təkcə biz demirik. Həm də Rusiyadakı strategiyaların və texnologiyaların analizi Mərkəzinin direktoru Ruslan Puxov özünün “Kommersant” qəzetində dərc edilmiş məqaləsində yazıb.

Politoloq hesab edir ki, müharibənin yekunları məğlub tərəfi şoka salıb ona dərin yara vursa da, qalibləri də tam qane etməyib. “Əgər erməni tərəfinin revanş imkanları təsəvvür olunan perspektiv üçün üfüqdə görünmürsə də, Azərbaycan Dağlıq Qarabağın bütün ərazisi üzərində tam və yekun nəzarəti bərpa etməyə nail olacaq”, - deyə o əminliklə qeyd edib.

Müəllifin fikrincə, müharibənin nəticələri Rusiyanı da mürəkkəb vəziyyətdə qoyub: “Bir sıra beynəlxalq analitiklər tələsərək hərbi əməliyyatların dayandırılması razılaşmasını və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini Moskvanın qələbəsi adlandırıblar. Rusiya qoşunlarının indi hər üç Cənubi Qafqaz ölkəsində iştirakını qeyd ediblər. Amma belə yanaşmalar nəinki səthidir, eyni zamanda mahiyyətcə doğru deyil. Rusiyanın Ermənistan, Abxaziya və Cənubi Osetiyadakı bazaları ilə bağlı situasiyanı bir kənara qoyaraq qeyd etmək lazımdır ki, Rusiyanın Qarabağdakı sülhməramlı iştirakı şərtidir. Rusiya sülhməramlılarının 5 illik mandatı, yəni faktiki olaraq müvəqqəti statusu uzadıla bilər, amma belə uzadılma baş versə belə, asan, xüsusən də avtomatik olmayacaq. Öz müttəfiqi Ankara ilə birlikdə Bakı artıq Moskvaya regionun Azərbaycanın nəzarətinə qaytarılması üçün təzyiq göstərməyə çalışır”.

Hələlik isə onun qənaətincə, Rusiya rəhbərliyi taktiki səviyyədə yaxşı manevr edir. Moskva müharibədən sonra da Ermənistanı özünün strateji müttəfiqi olaraq saxlayıb, Azərbaycanla isə tərəfdaşlıq münasibətlərini davam etdirir. Eyni zamanda Türkiyənin Qafqazdakı iştirakını reallıq kimi qəbul edir...

musavat.com
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr