Ermənistanın talan etdiyi sərvətlərimiz: Milyardlarla dollar dəyərində zərər necə ödəniləcək? - FOTOFAKT
Torpaq dövlətin təbii sərmayəsidir. Hər bir xalqın tarixini, mədəniyyəti və təbii sərvətlərini özündə ehtiva edir. Nə asanlıqla alınır, nə də asalıqla verilir.
44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ermənistanın 30 ilə yaxın istismar etdiyi torpaqları - 5 şəhər, 4 qəsəbə və 286 kəndi, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla isə Ağdam, Kəlbəcər və Laçın rayonlarını sülh yolu geri qaytarılmasına nail oldu. Bununla da əhəmiyyətli bir ərazi yenidən torpaq dövriyyəmizə cəlb edildi.
Ermənistan uzun illər müharibə hüququnun norma və prinsiplərini kobud şəkildə pozaraq bahabiçilməz maddi və mənəvi sərvətlərimizi həm mənimsəyib, həm də talan edib. Azərbaycanın şəhər və kəndlərini urbisidə məruz qoymaqla ölkəmizə külli miqdarda zərər vurub. Minlərlə tarixi və digər abidələri dağıntıya məruz qoymaqla yanaşı işğal altında saxladığı ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlə də məşğul olub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” adlı hesabatı Ermənistanın qeyri-qanuni iqtisadi fəliyyətinə dair məsələləri əhatə edir.
30 il ərzində bu ərazilərdə ağacların qeyri-qanuni kəsilməsi və satışı ilə məşğul olan Ermənistandakı şirkətlər və burada qəsdən yanğınlar törətməklə 110 min hektardan çox sahəni məhv edənlər ərazini ekoloji fəlakətlə üz-üzə qoyub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ilkin hesablamalara görə ermənilərin işğal etdiyi ərazilərimizdə ölkəmizə vurduğu mənəvi-ekoloji zərərin hecmi 285 milyard dollar civarında qiymətləndirilib.
Azərbaycanın işğal altında olmuş ərazilərində 160-dan çox müxtəlif qiymətli metal yataqları - 5 qızıl yatağı, 7 civə, 2 mis yatağı, 1 qurğuşun və sink yatağı, 1 daş kömür yatağı, 6 alebastr, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 rəngli və dekorativ daş yatağı, 21 üzlük daş yatağı və s. var idi.
Uzun illər həm erməni iş adamları, həm də beynəlxalq şirkətlər Azərbaycanın nəzarət zonasından kənarda qalan Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyətlərində əsas hədəf kimi dağ-mədən sənayesini seçiblər. Onların Qarabağ ərazisində yerin təkinin qeyri-qanuni istismar etməsi ilə bağlı faktlar “Azercosmos”un peyk vasitəsilə əldə etdiyi şəkillərdə də öz əksini tapıb.
Burada işğaldan sonra Azərbaycana məxsus ərazilərdə qeyri-qanuni istismar nəticəsində sahədə meydana gələn dəyişikliklər əks olunub.
Fotolarda Tərtər rayonunun Çardaxlı kəndi ərazisində dağ-mədən fəaliyyəti çərçivəsində meşələrin qırılması və rayonun Dəmirli mis-molibden yatağının istismarı nəticəsində tullantı hovuzu sahəsinin genişlənməsi faktı əks olunub:
Eləcə də, növbəti fotoda Zəngilan rayonunun Vecnəli sahəsində istismar faktını təsdiqləyən dəyişikliklər əks olunub:
Həmçinin, Kəlbəcər rayonunda müxtəlif yataqlarda - Söyüdlü, Tutxum, Qızılbulaq mis-qızıl mədənlərində istismar sahəsinin və yaranan tullantı hövzəsinin genişlənməsi faktları qeydə alınıb:
Ermənistan 2003-cü ildə təkcə “Söyüdlü” yatağından 2 ton, 2004-cü ildə 2,5 ton qızıl hasil edilib. 2019-cu ildə dağ-mədən sənayesi qondarma rejimin ÜDM-nin 13,7 faizini (97,6 milyon ABŞ dolları) təşkil edib. Bu da Qarabağın dağ-mədən sənayesinin Ermənistan iqtisadiyyatında əhəmiyyətli rol oynadığını təsdiqləyir.
Ermənistan Azərbaycan ərazilərində qanunsuz kənd təsərrüfatı fəaliyyətini də təşviq edib. Hesabatda Ağdamın Şelli, Laçının Quşçu kəndində və Xocalı rayonunda təsərrüfat sahələrinin istismarını, eləcə də, Cəbrayıl rayonunda Araz çayı boyunca yaradılan əkinçilik təsərrüfatlarını əks etdirən faktlar da qeyd olunub.
Azərbaycan 30 il ərzində Ermənistanın işğalı altında qalan əhəmiyyətli iqtisadi potensiala malik mineral yataqları daha effektiv istismar edə, hətta onların iqtisadi səmərəsini daha artıra bilərdi. Son 20 il ərzində Azərbaycan və Ermənistanda iqtisadi artım səviyyəsindəki fərq də bunu deməyə imkan verir. Belə ki, 2000-ci ildə Ermənistanda ÜDM cəmi 1,9 milyard dollar, Azərbaycanda isə 5,3 milyard dollar həcmində idi. 20 il ərzində Ermənistan ÜDM-i 6,4 dəfə artıraraq 12,3 milyard dollara, Azərbaycan isə 8 dəfə artıraraq 42,6 milyard dollara çatdıra bildi. Bu da Ermənistanın qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi gəlirlərin belə regionda təcrid olunmuş ölkənin maddi rifahını təmin etməyə kifayət etmədiyini göstərir.
Ümimilikdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin ilkin hesablamalarına görə 818,9 milyard dollarınlı təşkil edir. Artıq Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanılıb. Beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsi tələb ediləcək.
Ermənistan hansı formada təzminatı ödəyəcək?
Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsi kimi müəyyən edir, digər tərəfdən isə onun üsullarını əks etdirir. BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnamə bu kimi zərərin təyin edilməsi və onun ödənilməsi üsullara həsr edilib. Bu qətnamə beynəlxalq hüquqazidd əməlləri dövlətin qarşısında məsuliyyət kimi müəyyən edir və bu məsuliyyəti daşıyan dövlətin qarşısında vurduğu zərəri ödəməklə bağlı öhdəlik qoyur. Beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formasında ola bilər.
Restitusiya - qanunsuz əməllər nəticəsində dəyən maddi zərərin, onun baş verməsində mövcud vəziyyətin bərpa olunması ilə ödənilməsini nəzərdə tutur. Restitusiyanı həyata keçirmək qeyri-mümkün olduqda razılaşmaya əsasən həmin mülkə bənzər və ya ona bərabər qiymətdə mülkün verilməsinə yol verilir.
Konpensasiya - şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsi;
Satisfaksiya - dövlət olaraq qarşı tərəfdən üzr istəməsi və etdikləri əmələ görə məsuliyyət daşımış şəxslər haqqında hüquqi ölçü götürülməsini ehtiva edir.
Ermənistan dəymiş zərəri qarşılamaq üçün qeyd edilən formalardan həm ayrı-ayrılıqda, həm də biri-birinə bağlı şəkildə istifadə edə bilər. Eləcə də təzminatın mərhələli şəkildə ödənilə bilməsi ən kasıb ölkənin belə bu formada təzminat ödənişini həyata keçirə bilməsinə imkan verir.
Təminat ödənişinin tətbiqinə İsrail-Almaniya Reparasiya Sazişini (Lüksenburq sazişi) misal gətirə bilərik. Bu saziş sentyabr 1952-ci ildə İsrail və Almaniya Federativ Respublikası arasında imzalanıb və 27 mart 1953-cü ildə qüvvəyə minib. Razılaşmaya görə, Qərbi Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. Saziş 1952-ci ilin sentyabrında imzalandı və Qərbi Almaniya növbəti 14 il ərzində İsrailə ümumilikdə 3 milyard alman markı, Dünya Yəhudi Konqresinə 450 milyon mark ödədi.
Hazırda Ermənistan mövcud vəziyyəti düzgün dəyərləndirməlidir. Regional layihələrdən kənarda qalan Ermənistanın çıxış yolu yalnız Azərbaycanla uzlaşmaqdan keçir.
Hazırda Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna sərmayə axınını stimullaşdırılacaq bərpa və infrastuktur layihələri icra edilir. Eləcə də, Zəngəzur dəhlizinin yaradılması istiqamətində genişmiqyaslı işlər aparılır.
Zəngəzur dəhlizinin reallaşması Ermənistanın da iqtisadi məqsədlərinə nail olmasında rol oynaya bilər. Bunun üçün Ermənistan öz səylərini aktiv şəkildə ortaya qoymalıdır. (oxu.az)