Bu 3 ərazi Azərbaycanın nəzarətinə qaytarılır — AÇIQLAMA
Rusiyanın “RBK” xəbər saytı tərəfindən Qarabağla bağlı paylaşılan xəritə böyük müzakirə mövzusuna çevrilib. Belə ki, sözügedən xəritədə Ağdərə, Xocalı və Xocavəndin yaxın zamanda Azərbaycanın nəzarətinə qaytarılacağı öz əksini tapıb.
Sonradan mənbə həmin paylaşımı silsə də bu, məsələnin reallığı ilə bağlı şübhələri daha da artırıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan hərbi ekspert Üzeyir Cəfərov da bu ehtimalları yüksək qiymətləndirib:
“Yaxın zamanlarda sözügedən ərazilərin Azərbaycanın yuridiksiyasına qayıdacağına heç kimin şübhəsi olmasın. Rusiya saytları müxtəlif məlumatlar yayırlar. Amma mən bu informasiyanın doğruluğuna inanıram və bilirəm ki, bu istiqamətdə iş aparılır.
Eyni zamanda bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu" agentliyinə verdiyi müsahibəsində rus sülhməramlıları, həm də İranla bağlı narazılığını ifadə edib. Düşünürəm ki, bunlar diqqətdən yayınacaq məqamlar deyil. Yaxın zamanlarda bəzi digər məsələlərin də şahidi olacağıq”.
Qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının sülh və ya hərbi güc vasitəsilə baş verəcəyi sualına isə Üzeyir Cəfərov bu cür cavab verib:
“Sülhməramlıların nəzarətinə baxmayaraq münaqişə onsuzda hər zaman baş verir. Sadəcə olaraq biz imkan verməməliyik ki, onlar hər hansı təxribatlar törətsinlər. Düşünürəm ki, yaxın perspektivdə regionda bizim üçün pozitiv hadisələrin şahidi olacağıq”.
Siyasi ekspert, eks-deputat Cümşüd Nuriyev də verdiyi müsahibəsində qeyd olunan ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının real olduğunu bildirib:
“Ağdərə, Xocalı və Xocavənd hüquqi cəhətdən Azərbaycan əraziləridir. Lakin hal-hazırda Rusiya sülhməramlılarının nəzarətindədir. Buna baxmayaraq, Rusiya da gözəl başa düşür ki, “Üçtərəfli Bəyanat”da da bu öz əksini tapıb.
Rusiyada sözügedən məsələnin məhz indi qabardılmasının səbəbi isə, sentyabrın 29-da Vladimir Putinlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün baş tutacağıdır. Belə ki, Türkiyə ilə Ukrayna arasında son dönəmlər ciddi yaxınlaşma mövcuddur.
Düşünürəm ki, rəsmi Ankara bunu bilərəkdən edir və Putin Ərdoğanla görüş öncəsi bir növ Türkiyənin “yaralı yeri” olan Azərbaycanın yarasına məlhəm qoymaq istəyir. Çünki Türkiyə daha böyük tələblərlə çıxış edə bilər”.
Cümşüd Nuriyev Xocalı, Ağdərə və Xocavəndin Azərbaycana qaytarılması ehtimalını yüksəldən digər vacib nüanslardan da danışıb:
“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı da Qarabağ məsələsinə toxunub. Eyni zamanda Rusiya da başa düşür ki, bütün Qafqazın əsas söz sahibi olan Azərbaycandır və rəsmi Bakının Türkiyə, Pakistan kimi güclü müttəfiqləri var. Rusiya geri addım atmaq məcburiyyətindədir və Azərbaycan siyasi olaraq rəsmi Moskvaya “dur” deyib.”
Bundan əlavə eks-deputat Rusiyanın 10 aydan sonra ilk dəfə Qarabağ ərazisi haqqında xəritədə “Dağlıq” hissəciyindən istifadə etməməsini də diqqətə çatdırıb.