Müdafiə naziri Kəlbəcər və Laçında - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastrukturun yaradılması istiqamətində müvafiq fəaliyyətlər həyata keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində əsaslı təmir edilmiş hərbi hospitala baxış keçirib.
Əraziyə baxış zamanı müdafiə nazirinə məruzə edilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan hospitalda hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, hərbi hospitalda cərrahi-əməliyyat bloku, qəbul-diaqnostika, terapiya, cərrahiyyə, infeksion xəstəliklər, tibbi-təchizat, laboratoriya, anesteziologiya və intensiv terapiya bölmələri, həmçinin yeməkxana zalı, rentgen və stomatoloji kabinetlər mövcuddur.
Sonra nazir Laçın rayonu ərazisində yerləşən müasir avadanlıqlarla təchiz edilmiş hərbi tibb məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanış olub.
Sonda nazir tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.