Anasının öldüyünü zənn edib atasını öldürüb - Qubada (Təfərrüat)
Quba rayonunda atasını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 19 yaşlı Mətləb Şükürovun cinayət işi başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, hadisə Qubanın Birinci Nügədi kəndində baş verib.
Kənd sakini Bəşarət Şükürova məxsus evdə onun üzərində çoxsaylı kəsilmiş-deşilmiş yaraları və zorakılıq əlamətləri olan meyitini aşkar edilib.
Məlum olub ki, Bəşarət Şükürovu öz oğlu, 19 yaşlı Mətləb Şükürov qətlə yetirib. Dəfələrlə atası ilə mübahisə edən Mətləb Şükürov növbəti münaqişə zamanı cibində gəzdirdiyi bıçaqla ona qətlə yetirib.
61 yaşlı Bəşarət Şükürov Rusiya vətəndaşı olub. Rusiyada sahibkarlıqla məşğul olan Bəşarət Şükürov hadisədən bir gün əvvəl Quba rayonuna gəlib.
Cinayəti törətməkdə şübhəli bilinən Mətləb Şükürov polis əməkdaşları tərəfindən saxlanılıb.
Mətləb Şükürov ifadəsində bildirib ki, atası Rusiyada başqa ailəsi ilə yaşayıb. İldə 3-4 dəfə onların yanına gəlib. Bir ay qaldıqdan sonra yenidən ora qayıdıb. Atasının ona, qardaşına və anasına qarşı münasibəti həmişə pis olub. Atası anası ilə ailə qurduqdan sonra onu Rusiyaya aparıb. Amma orada qadını mütəmadi döyüb təhqir etdiyinə görə anası kəndə qayıdıb.
Şükürov ifadəsinin davamında bildirib ki, atası Rusiyadan evə qayıdan zaman heç vaxt onun qabağına çıxmayıb. Atasının onlara qarşı pis münasibətinə görə dəfələrlə intihar etmək istəyib. Lakin anası və qardaşına görə bu addımı atmayıb.
Hadisə baş verən günü atası evə gələn zaman qardaşı ilə qorxularından otaqdan çölə çıxmayıblar.
Gəldikdən 10 dəqiqə sonra anasına qışqıraraq həyətdəki qarın nəyə görə təmizlənmədiyini və oğlanların nə işə baxdığını soruşub. Mətləb bir müddət əvvəl mağazadan aldığı bıçağı gödəkcəsinin cibindən çıxarıb mətbəxin qarşısına gəlib. Anasını yerdə uzanıqlı vəziyyətdə görüb onun öldüyünü düşünüb. Atasının üzərinə gedib ona yaşamağa haqqı olmadığını söyləyib əlindəki bıçaqla boğazından, ardıncada qarnından zərbələr vurub. Atası otağına qaçarkən arxadan bir neçə dəfə kürəyinə xəsarətlər yetirib.
Atasına əlavə bıçaq xəsarətləri yetirə bilməyəcəyinə görə eyvanda olan bel sapını götürüb yenidən otağa qayıdıb. Otağın qapısını bağlamaq istəyən atasının baş və bədən nahiyyələrinə zərbələr vurub. Zərbələrin təsirindən atası otaqdakı çarpayıya yıxılıb. Yanında oturub 4-5 saat ərzində ailəsinə verdiyi zülmdən danışıb. Sonra atasının öldüyünü görüb otaqdan çıxıb və anasına onu qətlə yetirdiyini deyib. Təxminən 15-20 dəqiqə sonra qohumları və polis əməkdaşları evlərinə gəlib.
Məhkəmə prosesi zamanı Mətləb Şükürov ittiham üzrə qismən təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirib.
Sonda məhkəmənin hökmü ilə Mətləb Şükürov Cm-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.