Çempionlar Liqası: Mahir Emrelidən daha bir uğur
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
"Report"un məlumatına görə, Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli 3 oyundan sonra qapıya ən çox dəqiq zərbə endirən futbolçular sırasına düşüb.
5 dəfə çərçivəni dəqiq nişan alan 24 yaşlı hücumçu bu nominasiyada ikinci sırada qərarlaşıb. Forvardın zərbələrinin 2-si qolla nəticələnib. Emreli yalnız bir dəfə hədəfdən yayınıb.
"3-lük"də "Neftçi"nin futbolçusu Sabir Buqrin də yer alıb. 25 yaşlı yarımmüdafiəçinin zərbələrindən 4-ü dəqiq alınıb. O, 4 dəfə isə çərçivəyə düşə bilməyib.
İlk sırada Monteneqronun "Buduçnost" komandasının yarımmüdafiəçisi Miloş Raiçkoviç yer alıb. Onun hesabında 6 dəqiq zərbə var.
Qeyd edək ki, "Neftçi" Çempionlar Liqasının II təsnifar mərhələsinin ilk oyununda Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzub. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.