“Bu oyunun psixoloji təsiri qısa zamanda bizdən getməyəcək” - Qurban Qurbanov

İdman 17-sen, 10:269 nara 342 0
“Bu oyunun psixoloji təsiri qısa zamanda bizdən getməyəcək” - Qurban Qurbanov


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdıqları oyunla bağlı Heydər Əliyev adına beynəlxalq aeroportunda "Report"un suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Əvvəlcə oyun barədə fikirlərinizi bilmək istərdik...

- Çox ağır oyun keçdi. Əlbəttə, Kiprə maksimum nəticə əldə etmək üçün getmişdik. Amma çoxsaylı qol epizodlarından yaxşı istifadə edə bilmədik. Həmişə demişəm, penaltilər seriyası idman lotereyasıdır. Məğlub olduq, heç istəməzdik. Futbolçularımız çox əziyyət çəkdilər. Sadəcə, onların əziyyətlərinə üzülürəm. Sözün həqiqi mənasında meydanda əsl kollektiv gördüm. Hər bir halda düşünürəm ki, bizim üçün böyük təcrübə oldu.

- Oyuna bir həftə qalmış matçın neytral meydana salınmasının komandanıza psixoloji təsiri oldumu?

- Əlbəttə, çox təsiri oldu. Əvvəl də bildirmişdim, püşkatmadan bir və ya iki gün əvvəl desəydilər ki, oyunumuz səfərdə olacaq, bizim üçün hazırlaşmaq bəlkə də daha asan olardı. Arxayın idik ki, oyun Bakıda olacaq. Sonda belə bir qərarın qəbul olunması, bir günün içində hər şeyin dəyişməsi istər-istəməz planlarımızı pozdu. Hər bir halda, biz Kiprə məğlub olmağa getməmişdik. Demək olar, tam üstünlüklə oynadıq.

- Komandanı penaltilər seriyasına hazırlamışdınız?

- Belə oyunlarda futbolçuları tam olaraq penaltilərə hazırlaşdırmıram. Məndə belə bir şey yoxdur. Sadəcə, məşqlərdə oyunçuların özləri penaltilərə istəkli olurlar. Mən də orada baxıram ki, kim daha yaxşı vurur, kim pis. Gördüyünüz kimi, ilk beşlik heç də pis olmadı. Sadəcə, digərləri o qədər də yaxşı penalti vuranlar deyil.

- Sizcə, bu məğlubiyyətdən sonra komandanı Avropa Liqasının pley-off matçına kökləmək çətin olmayacaq?

- Bilirsiniz ki, bir neçə ay futbol olmadı, oyundan uzaq idik. Ümumiyyətlə, futbolçuların tam hazırlıqlı olmaları elə də asan deyil. "Molde" bunadək öz çempionatlarında 16, Çempionlar Liqasında 2 oyun keçirmişdi. Rəqibin son 3 ayda 18 görüş keçirməsi futbolçularının yaxşı formada olmasından xəbər verir. Bizdə isə çempionat dayanmışdı, rəsmi oyunlarımız bu il həddindən artıq az oldu. Belə oyunlarda 90 dəqiqə gücümüzü bölüşdürmək və ya 120 dəqiqə hazır olmaq bizim üçün heç də asan deyil. Amma istənilən halda, bu oyunun psixoloji təsiri qısa zamanda bizdən getməyəcək. Bu, şəxsən mənim üçün üzücü məğlubiyyət oldu. Pley-offa kimi bir neçə çempionat oyunu olacaq. Sentyabrın 18-də növbəti rəqib bilinəcək. Burada zəif komanda yoxdur, bilirsiniz ki, növbəti rəqibimiz də ölkəsinin çempionu olacaq. 

- Qarşıda "Neftçi" ilə oyununuz var...

- Çalışacağıq ki, sentyabrın 20-də keçirəcəyimiz oyunadək tam hazır olaq. Bu arada, "Neftçi" "Qalatasaray"la qarşılaşacaq. Mən "Neftçi"yə yalnız uğurlar arzulayıram. Əvvəl də qeyd etdiyim kimi, "Qalatasaray"ın Bakıya gəlməsi futbolumuza sevgini daha da artıracaq. Türkiyənin Top-5 komandasından biri ölkəmizə səfər edib. Düşünürəm ki, bu rəqibə qarşı oynamaq həm "Neftçi", həm də Azərbaycan futbolu üçün böyük təcrübə olacaq.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr