Erməni din xadimləri yenidən qan tökməyə çağırır
Erməni din xadimlərinin müharibə çağırışları davam edir. İnsanları sülhə, barışığa və əmin-amanlığa səsləmək əvəzinə başqasının torpağında qan tökməyə sövq edən erməni kilsələri daha bir anormal addım atıb.
Azvision.az xəbər verir ki, Böyük Kilikiya Evinin katolikosu I Aram erməni xalqına Azərbaycana qarşı döyüşlərə qoşulmaq üçün müraciət edib. O erməniləri öz torpaqlarını azad edən Azərbaycan Ordusuna müqavimət göstərməyə çağırıb: “Müqavimət göstərməli və qazanmalıyıq”.
Katolikos baş nazir Nikol Paşinyanın “Facebook” səhifəsində yazdığı sözlərdən sitat gətirib. "Qalib gəlmək üçün birləşməli və “Artsax”ı müdafiə etmək üçün bütün potensialımızdan yararlanmalıyıq. Ordumuzun yanında olmalı, eyni zamanda bütün dostlarımızın qapılarını döyməliyik",- deyən I Aram özünü din xadimindən daha çox əli silahlı cani kimi aparır.
Qeyd edək ki, erməni kilsələrinin, din xadimlərinin terroru, qətlləri dəstəkləməsi, bu istiqamətdə var gücləri ilə çalışmasına dair bir müddət əvvəl məlumat vermişdik. Erməni gəncləri qızğın döyüş meydanına təhrik edən Qareqin və digər əlində silahla fotolar çəkdirən din xadimlərinin əməlləri heç bir dini dəyərlərə sığmır.