Erməni lobbisinin Kardaşyan vərdişləri

Cəmiyyət 15-okt, 10:509 nara 337 0
Erməni lobbisinin Kardaşyan vərdişləri


Hər zaman belə olub, müasir dövrümüzdə xüsusən belədir ki, istənilən müharibə yalnız döyüş meydanı ilə məhdudlaşmır. Həmin müddətdə rəsmi informasiya resursları ciddiləşdirilmiş iş rejiminə keçirilir. Vaxtilə təbliğat savaşında əsas güc çap mətbuatının və radionun, sonrakı dövrlərdə isə televiziyanın üzərinə düşürdü. Hazırda isə televiziyalarla yanaşı, internet resursları, sosial şəbəkələr və media qurumları “fake news”larla faktların döyüş meydanını xatırladır. Burada peşəkarlıq, cəldlik, faktların təqdimat forması və onların təqdim edildiyi auditoriyanın əhatə dairəsi çox önəmlidir. Prezident İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində beynəlxalq informasiya məkanına çıxışın nə qədər əhəmiyyətli olduğunu xüsusi vurğulayıb: “Əlbəttə, biz qara təbliğatla uzun illərdir ki, üzləşirik. Bunun bir neçə səbəbi var,onlardan biri də bəzi ölkələrdə erməni diaspor təşkilatlarının fəaliyyətidir. Onların fəaliyyətinin hədəfində Azərbaycan dayanır. Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yalanlar yaymaq və beləliklə, ölkəmizin imicinə zərbə vurmaq məqsədləri daim onların gündəliyində olan məsələlərdir. Son döyüşlərlə əlaqədar da erməni diaspor təşkilatları və onların havadarları, dünya erməniliyi Azərbaycana qarşı mətbuat savaşına başlamışdır.Bunun nəticəsidir ki,bu gün dünya mətbuatında bir çox hallarda təhrif edilmiş məlumatlar yer alır”.
Uzun illər ərzində yalan və uydurma məlumatlar, müasir dillə desək, “fake”lər erməni lobbisinin bizə qarşı riyakarlıqla istifadə etdiyi əsas təbliğat “silahı” olub. Həqiqətləri təhrif etmək, faktları öz xeyirlərinə çevirmək onlarda peşə vərdişi halını alıb, bunun “ustasıdırlar”. Kim Kardaşyan kimi “peşəkar ulduzları” da, nüfuzlu ünvanların himayəsinə sığınmağı bacaran Marqarita Simonyan kimi jurnalistləri də, təsir dairələrində saxlaya bildikləri Vladimir Solovyov kimi  çərcivə həddini, əndazəni aşan sözçüləri də kifayət qədərdir. Yəni istənilən çeşiddən varlarıdır, bu mənada korluq çəkmirlər. Onlar media sektorunda həddən artıq çoxdurlar, saymaqla qurtarmaz. Əksəriyyəti etnik ermənilər və ya onlarla qarışığı olanlardır. Yaxud erməni lobbisi tərəfindən müxtəlif üsullarla bu “cəlbedici” qarışığın təsiri altına salınanlardır. Əslində maliyyə imkanları və dövlət sektorunda nüfuz dairələri də kifayət qədər genişdir...

Hərbi döyüş meydanında ardıcıl məğlubiyyətə uğradıqdan sonra, Ermənistanın baş naziri Paşinyanın xüsusən Moskva və Parisə təkidli telefon zənglərindən, alçaldıcı yalvar-yaxarından sonra humanitar atəşkəs elan edildi. Razılıqdan dərhal sonra Ermənistanın siyasi hakimiyyəti riyakar xislətini növbəti dəfə ortaya qoydu, öz xahişi ilə əldə etdiyi razılığı xaincəsinə pozdu. Oktyabrın 11-də gecə saatlarında ölkəmizin ikinci ən böyük şəhəri, 500 min nəfərdən çox əhalisi olan Gəncə, onun mülki əhalisi Ermənistan tərəfindən “Elbrus”, NATO təsnifatına görə “SCUD” adlandırılan sistemdən atılan raket zərbəsinə məruz qoyuldu. Aralarında azyaşlı uşaq, qadın olmaqla 10 mülki vətəndaşımız həlak oldu, 30-dan çox şəxs xəsarət aldı. Erməni vəhşiliyi nəticəsində üç uşaq hər iki valideynini itirdi. Dağıntı səhnələri vəhşiliyin miqyasından xəbər verir. Hakimiyyətə gəlməmişdən əvvəl küçə-küçə gəzib selfi çəkdirmək azarına tutulmuş Paşinyanın başqa hansı azarı, mərəzi var, bunu ayırd etmək erməni cəmiyyətinin daxili işidir. Amma hərbi məğlubiyyətlərdən sonra psixoloji sarsıntı içərisində olan Paşinyanın şəxsi göstərişi ilə törədilmiş bu vəhşilik beynəlxalq hüquqda müharibə və insanlığa qarşı cinayət adlanır. Bunun məsuliyyət dərəcəsini müəyyən etmək isə Azərbaycan tərəfinin və beynəlxalq hərbi tribunalın işidir.

Bu barbarlığın səbəb olduğu faciə səhnələri “Reuters” informasiya agentliyi tərəfindən lentə alınıb. Agentliyin çəkdiyi, erməni vəhşiliyini əks etdirən fotoşəkillər Rusiyanın “Komsomolskaya Pravda” nəşrində təhrif olunaraq o adla dərc edilib ki, guya bu səhnələr Gəncədən yox, Xankəndindəndir. Həmin nəşrin bu saxtakarlığı hansı səbəbdən, hansı güclərin təsiri altında etdiyi elə də əhəmiyyətli deyil. Lakin ciddi nəşr orqanının bu yalana, saxtakarlığa qeyri-peşəkarlıqdan imza atması ehtimalı az inandırıcıdır. Hətta nəşr sonradan təkzib vermiş olsa da ,ilk yalan təqdimat oxucu auditoriyasında, ictimai şüurda öz çirkin məqsədini artıq yerinə yetirmiş olur. Yaxud  “Russia Today”, ”Rossiya-1”,  ”Rossiya-24” televiziya kanallarında faktların qərəzli təqdimatı, uydurma və yalan məlumatlar çoxmilyonlu tamaşaçı auditoriyasında azərbaycanlılara qarşı yanlış təsəvvürün formalaşdırılmasına, həqiqətlərin təhrifinə xidmət edir. “Qarabağ xalqı”, “Qarabağ ordusu”, “Artsax” və bu cür qondarma adlar həmin kanalların əsas təbliğat mövzusuna çevrilib. V.Solovyovun “Lavrovu eşitmədilərsə, Şoyquya qulaq asarlar” kimi əndazəni və peşə etikasını aşan təhdidinin arxasında yalnız şəxsi mövqeyinin dayanması ehtimalı da az inandırıcı görünür. Böyük nüfuz dairəsinə malik erməni lobbisinin ciddi təsiri altında olan bu şəxs həm də rəsmi Kremlin siyasi təbliğatında iştirak edən əsas fiqurlardan biridir. Bugünlərdə hörmətli Xalq yazıçımız Çingiz Abdullayev onun televiziya proqramında ölkəmizin haqlı mövqeyini müdafiə edərkən, təkcə bir azərbaycanlı kimi deyil, həm də bir insan və yüksək intellekt sahibi kimi hansı hisslər keçirdiyini, daxilən yaşadığı mənəvi sıxıntıları ekrandan sezməmək mümkün deyildi. Aparıcının qatı ermənipərəst mövqeyi, yanaşma tərzi, yersiz və qərəzli müdaxilələri hətta Çingiz müəllim səviyyəsində olan ziyalımızın da əsəblərini tarıma çəkmişdi. Bu sezilirdi.

Dünən isə gecə proqramında Solovyov öz qonaqları ilə birgə tamaşaçıya bu fikri təbliğ edirdi: Rusiyanın təhlükəsizliyi demoqrafik vəziyyətin düzəldilməsini, əhalinin sayının 300-350 milyona çatdırılmasını tələb edir. İlk baxışdan normal və təbii hədəfdir. Lakin proqramda ictimai şüura təlqin olunan üsul cəfəng və təhlükəlidir. Verilişin aparıcısı, ikisi etnik ermənidən ibarət olan ekspert qonaqları ilə birgə bu hədəfə çatmaq üçün Rusiya coğrafiyasının genişləndirilməsinin, yəni kiminsə suverenliyinə və ərazi bütövlüyünə qəsd yolunun zəruriliyini öz cəmiyyətlərinə təlqin edirdilər. Sivil dövlətlər demoqrafik vəziyyətdə təbii artıma nail olmağın yeganə yolunu, bunun üçün daha əlverişli sosial-iqtisadi şəraitin yaradılmasında görürlər. Hədəfə yanaşmadakı sivil fərq də elə bundadır.Verilişdə təbliğ edilən yol xəstə imperiya təxəyyülünün məhsuludur. Məqsəd həm öz cəmiyyətlərini bu “xəstəliyə” yoluxdurmaq, həm də yaxın qonşu dövlətlərə ismarıc göndərmək idi. Bu, dövlət televiziyasından yalnız bir jurnalistin verdiyi ictimai mesaj anlamına gələ bilərmi? V.Solovyovun çoxmilyonlu tamaşaçı auditoriyasına qərəzli şəkildə təbliğ etdiyi növbəti yalan bu oldu ki, guya Azərbaycanda beynəlxalq terrorizm mövcuddur və Rusiya dövləti bunu nəzərə alıb onunla məşğul olmalıdır. Aparıcının cəmiyyətə aşıladığı yol daha təhlükəlidir, budur: necə ki, ABŞ beynəlxalq terrorizmlə mübarizə adı altında Suriyaya girmişdi, nədən Rusiya da Azərbaycana girməsin (85-90-cı dəqiqələr)? Bu,artıq yalançı söz azadlığı adı altında qırmızı xətti keçmək, həddini aşmaq, ölkəmizə qarşı ictimai şüurda qərəzli şəkildə nifrəti təbliğ etmək deməkdir.

Mən hələ internet məkanının rus seqmentinə toxunmuram. Eyni simalar bu məkanda da öz işlərindədir. Burada erməni lobbisinin təsiri altında olan şəxslər daha çoxdur, qonaqları isə əsasən Ermənistandan və Rusiyadan olan etnik ermənilər, yaxud ermənipərəst politoloq və ekspertlərdir. Onlar internet məkanının verdiyi imkanlara görə burada özlərini daha sərbəst hiss edir və daha böyük yalanlar yayırlar. Çünki burda məsuliyyət yükü dövlət kanallarındakından daha azdır.

Nəyə görə məhz Rusiyanın informasiya məkanında, rəsmi televiziya kanallarında və media qurumlarında baş verənləri xüsusi olaraq qabardıram? Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirak edən üç həmsədrdən biridir. Onun regionda xüsusi maraq, ciddi nüfuz sahibi və faktiki həlledici həmsədr olduğunu, Prezident Vladimir Putinin rəhbərliyi dövründə Rusiyanın dünyada yenidən ciddi nüfuz sahibinə çevrildiyini, son humanitar atəşkəs razılığının məhz Moskvada bağlandığını nəzərə alıb, cəmiyyətimizin umduqlarını və gözləntilərini vurğuladım. Gəncədəki erməni vəhşiliyi məhz bu razılaşmadan sonra törədildi, məhz Rusiya mediasında təhrif edildi. İddia oluna bilər ki, media məkanı azaddır, yalan və saxtakarlığın təkzibi üçün hüquqi prosedurlar mövcuddur. Lakin dövlət kanallarının  təbliğat təyinatlı verilişlərində məlum simaların fəaliyyət həddinə nəzarətin, xüsusən indiki həssas məqamda mümkünsüz olmadığı da sirr deyil.

Deyilə bilər ki, Rusiya ilə yanaşı, ATƏT-in Minsk qrupunda ABŞ və Fransa da təmsil olunur. Lakin o da həqiqətdir ki, bu ölkələrdə erməni lobbisinin beynəlxalq media qurumlarına çıxışı və təsir imkanları daha genişdir. Prezident İlham Əliyevin “CNN İnternational” televiziya kanalına bugünlərdə verdiyi müsahibədə qeyd etdiyi kimi: “Lakin sözsüz ki, biz başa düşürük, bəzi ölkələr daha çox ermənipərəstdir, bəzi ölkələr həddindən çox ermənipərəstdir”. Yəni bu istiqamətdə də ölkəmiz əleyhinə yönələn qara təbliğatın səbəbi və qaynağı bəllidir. Tarixən Ermənistana “sevimli, kiçik bacı” gözü ilə baxan, bugünlərdə sırf ermənipərəst mövqeyini ortaya qoyan rəsmi siyasi ünvan da cəmiyyətimizə artıq məlumdur.

Əsas məsələ ondadır ki, Ermənistandan fərqli olaraq, son 27 ildə ölkəmizdə rus dilinə və rus mədəniyyətinə göstərilən isti münasibət heç sovetlər dönəmində belə olmayıb. Cəmiyyətimizdə rus dilində təhsil alan, rus dilində sərbəst danışan, bu dilə və rus mədəniyyətinə hörmətlə yanaşan minlərlə insan var. Onların mütləq əksəriyyəti məhz azərbaycanlılardır. Bu gün cəmiyyətimizdə məhz rus dilindən öz aralarında danışıq vasitəsi kimi istifadə edən azərbaycanlılar kifayət qədərdir. Məhz bu insanlar həmin o “fake”ləri yayan televiziya kanallarının, mətbut orqanlarının potensial tamaşaçı və oxucu auditoriyasına daxildir. Lakin səlahiyyət sahibləri heç olmazsa onu nəzərə almalıdırlar ki, söhbət Qarabağla, ərazi bütövlüyümüzün qərəzli təhrifi və ölkəmizin suverenliyinə hədə ilə bağlı dövlət televiziyasındakı ermənipərəst jurnalistin təxribatından gedəndə, bu auditoriyanın milli qürur hissinə toxunan uydurmaların onlarda hansı səviyyədə hiddət və qəzəb doğurduğunu təsəvvür etmək, yəqin ki, çətin olmaz. Bu isə o deməkdir ki, həmin oxucu auditoriyasının ciddi şəkildə seyrəlməsi prosesi qaçılmazdır. Belə olan halda, başqa ünsiyyət dilinə, ingilis, fransız, alman, ərəb və digər xarici dillərə meylin güclənməsi də təbiidir. Şübhəsiz ki, rus mediasında Azərbaycana qarşı qərəzli təbliğatın, uydurma və yalanların, həqiqətləri təhrif etmənin qarşısı imtiyaz və ünvan sahibləri tərəfindən alınarsa, bu ,yalnız Rusiyanın bölgədəki maraqlarına və cəmiyyətimizdəki mövqeyinin qorunub saxlanılmasına xidmət etmiş olardı, əks meylin güclənməsi üçün elə özləri tərəfindən əsaslar verilməzdi. Axı ruslar demişkən, “müqəddəs yerlər boş qalmır”.

O ki qaldı həmin verilişlərə baxıb gündəlik stress yaşayan, mənəvi sarsıntı keçirən həmvətənlərimizə, məsləhət görərdim ki, əsəblərinizi qoruyun, dəyərli vaxtınızı daha faydalı işlərə sərf edin. Bu məsləhət özümə də aiddir. Onsuz da nə erməni lobbisi, nə onların təsiri altında olanlar, nə də dünyaca Kardaşyan kimi məşhur olan “ulduzlar” peşələrindən əl çəkən, düzələn deyillər.

Milli Məclisin deputatı 
Ülvi Quliyev
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr