Vətən Müharibəsinin 6-cı günündə nələr baş verdi?

Cəmiyyət 02-okt, 12:209 xeberler2022 291 0
Vətən Müharibəsinin 6-cı günündə nələr baş verdi?


Hər kəsin gözü mavi ekranlarda, qulağı səsdə olsa da, ürəyi döyüş meydanında - Azərbaycan əsgərinin yanında idi. Hamı cəbhədən gələn xəbərləri qürur və həyəcanla izləyirdi. Ordumuz düşməni öz qanında boğmağa davam edir, düşmən isə dinc əhalini, mülki infrastrukturu daim raket zərbələri altında saxlamağa çalışırdı.

Gecə saatlarında Müdafiə Nazirliyi, Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti altına keçdiyini, həmçinin Ermənistan ordusunun 5 zirehli və avtomobil texnikasının, 3 hərbi infrastruktur obyektinin və xeyli sayda şəxsi heyətinin məhv edildiyini açıqladı.

Düşmən isə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndlərini, eləcə də Tərtərin Bala Kəngərli kəndini intensiv artilleriya atəşinə tutdu. 2 mülki vətəndaş xəsarət aldı.

Müharibəni cəbhədə uduzacağını tam dərk edən Ermənistan dövləti orduya qeyri döyüş ərazilərini vurmaq əmrini verməkdə qərarlılıq göstərirdi. Ermənistan ordusu tərəfindən Şəmkirin Sabirkənd, Ağdam rayonunun Quzanlı yaşayış məntəqələri, həmçinin Bərdənin Əmirli, Soğanverdilər və Tovuzun Ağdam kəndi intensiv raket atəşinə məruz qaldı. Ermənistan ərazisindən təkcə Şəmkir rayonunun Sabirkənd yaşayış məntəqəsinə 10-a yaxın "Toçka-U" taktiki raket kompleksindən zərbələr endirildi.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmin gün üçün verdiyi məlumatda deyilirdi: “Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir.
Təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir”.

Bu xəbərlər bizi nə qədər sarsıtmış olsa da ordumuzun gücünə, qələbəyə gedən yolda olan inamımıza qətiyyən təsir etmədi. Əksinə, qarşımızda olan düşmənin riyakarlığını bir daha bizə göstərmiş olurdu.

Xalqımızın motivasiyasını yüksəldən isə Müdafiə Nazirliyinin mütəmadi olaraq yayımladığı videolar idi.

Təxminən axşam saatlarında Azərbaycan tərəfi düşmənin qüvvə və vasitələrinin məhv edilməsinin növbəti videogörüntülərini yayımladı.

Saat 17:50-də Müdafiə Nazirliyi Ermənistan ordusunun səhra idarəetmə məntəqəsinin, eləcə də tanklarının məhv edilməsinin videogörüntülərini yayımladı.

“Torpaq əgər uğrunda olan varsa vətəndir”- deyiblər. Elə müharibənin 6-cı günü də cəbhədən şəhid xəbərləri gəlməyə davam edirdi. Azərbaycan əsgəri son nəfəsində belə ölümə təslim olmur, yaralı halda düşmən üzərinə yeriyir, dünya hərb tarixinin və şəhidlik salnaməsinin yeni səhifələrini yaradırdı.

Düşmən ölkə isə xarici havadarların qarşısında diz çökür, hər vəchlə dünya dövlətlərini Azərbaycanı durdurmağa sövq etməyə çalışırdı.

Düşməni qarşıda məğlubiyyət və utanc dolu daha 38 gün gözləyirdi.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr