Nəşi 77 gündən sonra tapılan, onlarla düşməni məhv edən kəşfiyyatçı

Cəmiyyət 13-iyl, 10:339 xeberler2022 303 0
Nəşi 77 gündən sonra tapılan, onlarla düşməni məhv edən kəşfiyyatçı


Yaralansa da döyüş meydanını tərk etməyən, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qazax rayonun Qızılhacılı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Tural Elxan oğlu.
Report-un müxbiri şəhidin ailəsi ilə həmsöhbət olub.

Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Tural Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin “Həmlə” taborunun kəşfiyyat bölüyündə xidmət edib. O, peşəkar hərbçi və snayper idi.

Dəfələrlə hərbi xidmətdə təltif olunan və medallar alan T.Məmmədov ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərə qatılır.

O, döyüş zamanı yaralansa da ərazidən təxliyə edilməsini istəmir və yarasını elə özü sarıyır. Vətən qarşısında olan borcunu canından üstün tutaraq yenidən döyüşə qatılır. Düşmənin möhkəmləndirilmiş müdafiə xəttini yaran zaman digər hərbçi yoldaşları ilə şəhidlik zirvəsinə ucalır.

Nəşi 77 gündən sonra tapılan Tural Məmmədov 12 dekabrda, Qazax rayonun Qızılhacılı kənd qəbiristanlığında dəfn olunur.

Ailəsi onunla sonuncu dəfə müharibədən 1 gün öncə, 26 sentyabrda danışdıqlarını bildirir. Şəhidin həyat yoldaşı Yasəmən Musayeva bildirib ki, Tural həm gözəl ailə başçısı, həm də qorxmaz hərbçi idi:

“Onunla sonuncu dəfə müharibədən 1 gün öncə danışdım. Dedi məndən nigaran olma, övladlarımıza yaxşı bax, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik. Sonradan ondan bir xəbər almadıq. Lakin şəhid olduğu xəbərləri gəlirdi, amma mən inanmırdım buna, təki onun tabutunu bayrağımıza büküb gətirildiyi anadək. Əvvəllər onunla yalnız biz qürur duyurduqsa indi bütün Azərbaycan qürur duyur.

Hərkəs Turalın kişi kimi döyüşdüyünü və kişi kimi də şəhid olduğundan danışır. Mən yenidən həyata gəlsəm və yenidən bilsəm ki, Turalla evlənəcəm və Tural şəhid olacaq mən yenə onu seçərdim. Nihat və Nilay adında əkiz övladımız var, ondan mənə yadigar qalan o övladları Tural kimi vətənini sevən, mərd və gözəl bir şəxsiyyət kimi yetişdirəcəyimə söz vermişəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr