"Kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq" - İlham Əliyev
"Ümid edirəm ki, siz mən deyən kimi işləyəcəksiniz. Eyni zamanda, Cəlilabad və Şəmkir rayonlarının sakinləri, fəallar gərək daim sizin fəaliyyətinizlə bağlı öz təhlillərini aparsınlar".
Bu fikirləri Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"İctimai nəzarət güclü olmalıdır. İctimai nəzarətin gücləndirilməsi üçün siz yerlərdə təşəbbüs göstərməlisiniz ki, fəallar bu quruculuq-abadlıq işlərinə qoşulsunlar. Eyni zamanda, dövlət orqanlarında təmsil olunan məmurların işi də elə şəffaf olmalıdır ki, ictimai nəzarət də bunu təsdiqləsin. Onsuz da bizim kifayət qədər informasiya mənbələrimiz var və əgər nə isə orada düzgün istiqamətdə getməsə, kimsə əyri yolla getsə, biz ondan gec-tez xəbər tutacağıq. Ona görə, bu da nəzərə alınmalıdır.
Mən bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Ümid edirəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız", - dövlət başçısı bildirib.