Misli Premyer Liqasında 25-ci turun mərkəzi qarşılaşmalarından biri Masazırda baş tutub.“Qafqazinfo” xəbər verir ki, çempionatın lideri “Sabah” doğma meydanda “Sumqayıt” komandasını qəbul edib.
“Bank Respublika Arena”da keçirilən görüş meydan sahiblərinin tam üstünlüyü ilə yekunlaşıb. Valdas Dambrauskasın yetirmələri rəqib qapısından üç top keçirərək növbəti üç xalı aktivlərinə yazdırıblar.
Matçda hesabı 24-cü dəqiqədə Kahim Parris açıb. İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Coy Lens Mikels fərqi ikiyə çatdırıb. 71-ci dəqiqədə isə Velko Simiç vurduğu qolla oyunun taleyini faktiki olaraq həll edib. Qonaqlar yalnız qarşılaşmanın son saniyələrində, 90+2-ci dəqiqədə Nsana Simonun sayəsində təsəlli qoluna imza ata biliblər.
Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 62-yə çatdıran “Sabah” turnir cədvəlindəki liderliyini bir qədər də möhkəmləndirib. “Sumqayıt” isə 32 xalla 7-ci pillədə qalıb.








































