Bir neçə gündür Gəncədə taksi qıtlığının yaşandığı bildirilir. Bu barədə “Qafqazinfo”ya sürücülər müraciət ediblər. Onların iddiasına görə, buna səbəb “Bolt” platformasında fəaliyyət göstərən 100-dən çox sürücünün etiraz əlaməti olaraq tətbiq vasitəsilə işini dayandırmasıdır.
Şikayətçilər deyir ki, şirkət tərəfindən sərnişinlərə təklif olunan gedişhaqları çox aşağıdır və mövcud tariflər taksi bazarında işləməyi çətinləşdirir, sürücülər isə bundan narazıdır.
Məsələ ilə əlaqədar “Bolt” şirkəti ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda Gəncə şəhərində “Bolt” platformasında hər hansı sistemli nasazlıq və ya xidmətin fəaliyyətini məhdudlaşdıran texniki problem qeydə alınmayıb: “Platformada sürücü və sifarişçi aktivliyi davam edir. Sürücülərin bir qrupunun qiymət siyasəti ilə bağlı narazılıqları və fəaliyyətlərini müvəqqəti olaraq məhdudlaşdırmaları barədə məlumatlıyıq.
“Bolt” olaraq sürücülərimizin rəylərini və təkliflərini daim dinləyir, platformanın bütün tərəflər – həm sürücülər, həm də sərnişinlər üçün balanslı və dayanıqlı şəkildə fəaliyyət göstərməsi istiqamətində mütəmadi qiymətləndirmələr aparırıq”.
Şirkətdən, həmçinin bildirilib ki, platformada qiymətlər bir sıra amillər, o cümlədən tələb və təklif nisbəti, bazar şəraiti və xidmətin əlçatanlığını nəzərə alan dinamik mexanizmlər əsasında formalaşır: “Bolt” sürücülərlə açıq dialoqa önəm verir və onların rəy və təkliflərini nəzərə almağa davam edəcək. Məqsədimiz həm sərnişinlər üçün etibarlı xidmət göstərmək, həm də sürücülər üçün səmərəli əməkdaşlıq mühiti yaratmaqdır”.
Yunis Quliyev








































