Bakıda taksi sürücüsü ilə müştəri arasında insident baş verib.Paytaxt sakini N.İsmayılova polisə müraciətində Nərimanov rayonu ərazisində müştərisi olduğu taksinin sürücüsünün onu təhqir etdiyini deyib.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən 2003-cü il təvəllüdlü taksi sürücüsü M.Məmmədov barəsində inzibati protokol tərtib edilib.
O, ifadəsində bildirib ki, sərnişini təhqir etməyib, əksinə özü təhqirlə üzləşib: “Həmin vaxt bir nəfər qadın taksidə idi. Atam ürək xəstəsi olduğundan, onunla mobil telefonla danışırdım, bununla bağlı xanımdan icazə də istəmişdim.
Lakin xanım qorxduğunu deyib iradlar bildirdi, daha sonra bir nəfər kişiyə zəng edərək onunla danışmağımı istədi. Həmin şəxs telefonda məni təhqir etdiyi üçün xanımı aparmaqdan imtina etdim. Həmin şəxs mənə hədə-qorxu gəldiyindən narahat olub belə bir addım atdım. Bu vaxt özüm də “102”yə zəng etdim, polis çağırdım. Polis də gəlib bizi bölməyə apardı. Xanımı təhqir etməmişəm, ona qarşı hər hansı qanunsuz hərəkətə yol verməmişəm. Əksinə telefondakı şəxs məni təhqir edib”.
Nərimanov Rayon Məhkəməsi 23 yaşlı sürücünün əməlində inzibati xəta müəyyən etmədiyindən icraata xitam verilib.






































