
“Şimal axını” qaz kəmərinin partladılması planını Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, qaz kəmərinin partladılması planları barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi də məlumatlı olub. İddiaya görə, amerikalı agentlər partlayışı törətdiyi ehtimal edilən şəxslərlə hələ 2022-ci ilin yazında görüşüblər. Həmin vaxt tərəflər əməliyyatın texniki təfərrüatını müzakirə ediblər.
“Bu əməliyyat həmin vaxt ordunun baş komandanı olan Valeri Zalujnı tərəfindən təsdiqlənmişdi”, - materialda qeyd olunur.
Nəşr iddia edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və onun ofisi bu planlardan xəbərsiz olub.
Xatırladaq ki, “Şimal axını-1” və hələ istifadəyə verilməyən “Şimal axını-2” qaz kəmərlərində partlayışlar 2022-ci il sentyabrın 26-sı baş verib. Hadisədən sonra Danimarka, Almaniya və İsveç birgə araşdırmaya başlayıb. Rusiya Prezidenti Vladimir Putin qaz kəmərlərinin partladılmasında ABŞ-nin iştirakının olduğunu deyib.




































