“Sayları az da olsa, fəaliyyətlərində uğurlu və müsbət dinamikaya malik bələdiyyələrimiz var. Bunlar əsasən şəhər bələdiyyələridir. Kənd bələdiyyələrinin əksəriyyətinin fəaliyyətində biz bu müsbət dinamikanı görmürük”. “Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat qeyd edib ki, bələdiyyələri ətalətdən çıxarıb çevik, işlək quruma çevirmək üçün onların problemləri dərindən öyrənilməli və müvafiq addımlar atılmalıdır:
“Bunun üçün biz ilk növbədə, müsbət nəticələr əldə etmiş bələdiyyələrin uğurlu idarəetmə təcrübəsini sistemli şəkildə öyrənməli, ümumiləşdirmələr aparmalı və bu qabaqcıl təcrübəni digər bələdiyyələr arasında təşviq etməliyik.
Dayanıqlı gəlir mənbələri olmayan bələdiyyə hansısa bir real iş görmək qabiliyyətinə malik deyil. Bələdiyyələrin dayanıqlı gəlir mənbələri formalaşmalıdır. Ona görə hesab edirəm ki, bu, yerli özünüidarəetmə orqanlarına olan etimadın artmasına xidmət edəcək.
Eyni zamanda, bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı qiymətlərin həddindən çox yüksək müəyyən edilməsi faktiki olaraq bu sahədə hansısa satış və icarə əməliyyatlarının həyata keçirilməsini çətinləşdirir.
Lerik rayonu kimi ucqar və dağlıq rayonlarda torpağın bir sotunun qiymətinin 3-5 min manat arasında və daha yuxarı səviyyədə müəyyən edilməsi, faktiki olaraq bu torpaqların istifadəsiz qalmasına gətirib çıxarır. Bu da öz növbəsində, bələdiyyələrin gəlir əldə etməsinin qarşısını alır”, - deputat bildirib.
Nuranə Daxilqızı






































