Dövlət İmtahan Mərkəzi tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində dəyişiklik edib və yeni model 2027-ci ildən etibarən tətbiq olunacaq.“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib.
O bildirib ki, gələn ildən şagirdlər buraxılış imtahanında xarici dil fənnindən esse də yazacaqlar: “Yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla, ümumilikdə, 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək”.






































