Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə əcnəbi könüllülərin cəlb edilməsi üçün əlavə mexanizmlərin hazırlanması ilə bağlı tapşırıq verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə o, hökumət üzvləri və hərbi komandanlıqla keçirilən müşavirənin yekunlarına dair “Telegram” kanalında etdiyi paylaşımında yazıb.
“Ukraynada azadlığımız uğrunda döyüşən digər ölkələrdən olan bütün könüllülərə minnətdarlığımı bildirirəm. Mən Ukrayna ordusuna əcnəbi könüllülərin cəlb edilməsi üçün daha çox imkanların yaradılmasını tapşırdım. Bundan sonra rekruitinq üçün daha çox mexanizmlər olacaq”, - Ukrayna dövlət başçısı bildirib.
Bundan əlavə, Zelenski hərbi qulluqçuların ödənişlərinin də artırılacağını bəyan edib. Onun sözlərinə görə, arxa cəbhədəki hərbçilər üçün minimum pul təminatı 30 min qrivna (təxminən 1140 AZN) təşkil etməlidir, ön cəbhədəki bölmələr üçün isə orta ödəniş 300 min qrivnaya (təxminən 11400 AZN) çatdırılmalıdır.
Zelenski hazırda tətbiq olunan dəyişikliklərin artıq bu yay ərzində öz effektivliyini göstərəcəyinə ümidvar olduğunu bildirib.