DataLife Engine / Xüsusi qabiliyyət imtahanlarına start verilir

Xüsusi qabiliyyət imtahanlarına start verilir

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının ilkin keçirilmə qrafiki müəyyən olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. 

Bildirilib ki, 22 iyundan etibarən ali təhsil pilləsinin, Təsviri sənət istiqamətinin 15-ci komissiyası, İdman istiqamətinin 62-ci komissiyası,Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53-cü komissiyası  üzrə qabiliyyət imtahanlarına start veriləcək.

İdman istiqaməti üzrə 61-ci komissiyası üzrə (birinci mərhələ imtahanı  olan şahmat – 6117, karate – 6111, boks – 6107, sambo – 6112, taekvondo – 6118, həndbol – 6114, futbol – 6108, cüdo – 6110, stolüstü tennis – 6116, voleybol – 6119, sərbəst güləş – 6113, yunan-roma güləşi – 6127), 62 və 63-cü komissiyalar, Təsviri sənət istiqaməti üzrə 14 (yalnız 14-cü komissiyanı seçənlər) və 15-ci komissiyalar, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətinin 53–cü komissiya üzrə qeydiyyatdan keçən abituriyentlər (subbakalavrlar) “Qabiliyyət imtahanına  buraxılış vərəqəsi ” çap edə bilərlər.

Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstərilir. Abituriyentlər  imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İdman istiqaməti  üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı  və sağlamlıq haqqında tibbi arayış U086 (peşəyə yararlığı haqqında həkim rəyi hissəsində  “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidirlər.

Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər. Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmayacaq. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır. 

Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə qəbul olmaq istədiyi ixtisasa uyğun qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları imtahana hazırlaşmaları üçün ən zəruri materiallar  ilə  “Abituriyent” jurnalının “Musiqi sənəti”,  “Teatr, kino və xoreoqrafiya sənəti”, “İdman”, “Təsviri sənət”, “Memarlıq” və “Jurnalistika/İslamşünaslıq” istiqamətləri üzə  2026-cı ildə nəşr olunan  xüsusi buraxılışlarında tanış ola bilərlər.     

Komissiyalar üzrə imtahan tarixləri, imtahana buraxılış vərəqələri (imtahana ən azı 5 gün qalmış) mərhələli şəkildə abituriyentlərin (subbakalavrların) qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrində yerləşdiriləcək.                   

Qeyd: Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.
Bu gün, 18:43
Вернуться назад