Toy mərasimlərinin təşkili üçün icazə.e-gov.az portalında 956 tədbir qeydiyyata alınıb. Bəzi restoranlarda bir gündə iki və daha çox toy keçirilir. Restoran menecerləri deyir ki, nəzarət hər restoranda fərqli aparılır.
Yol-xeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, toylarla bağlı müraciətlərin sayı minə çatır.
1 iyul tarixindən müəyyən şərtlərlə toylara icazənin verilməsi həm pandemiyadan öncə toy planı quranları, həm də bu dövrdə öz yarını tapıb toy etməyi planlaşdıranları sevindirdi. Restoran menecerləri deyir ki, tarix məlum olduğu gündən müraciətlər başlanılıb.
Restoranların bəziləri toy etmək üçün tarix götürənlərlə gələn qonaqların COVİD pasportunun olmasına dair müqavilə bağlayır, bəziləri də müəyyən xəbərdarlıqlar edir. Bütün sanitar- gigeynik qaydalara əməl olunur.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib ki, icazə.e-gov.az portalında şənlik mərasimlərinin keçirilməsi məqsədilə 956 tədbir qeydiyyatdan keçirilib. Bunların 336-sı Bakı şəhərinin, digərləri isə bölgələrin payına düşüb.
Tədbirlər 55 rayon üzrə 259 şadlıq sarayını əhatə edir. Ən çox qeydiyyat sayı isə 1 iyul tarixində qeydə alınıb. Bu tarixdə 2299 əməkdaş və 383 tədbir üçün icazə alınıb. Xatırladaq ki, şənlik mərasimlərinin keçirilməsi ilə əlaqədar olaraq icaze.e-gov.az portalı 26 iyun tarixindən etibarən Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən aktivləşdirilib.