DataLife Engine / Prezident Şərqi Zəngəzurda təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO

Prezident Şərqi Zəngəzurda təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO

Prezident Şərqi Zəngəzurda təməlqoyma mərasimində - YENİLƏNİB + FOTO


Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub.

Dövlətimizin başçısına sənaye parkı haqqında məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonunda yaradılacaq sənaye parkı 200 hektar ərazini əhatə edəcək. Ərazi kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalara bölünəcək. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında tikinti üçün üzlük və izolyasiya materialları, müxtəlif qatqı maddələri, metal konstruksiya istehsalı müəssisələrinin təşkili nəzərdə tutulur. Parkın ərazisində, həmçinin kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, süd və ət məhsulları istehsalı və emalı, şərab, yem, gübrə istehsalı, ipəkçilik müəssisələrinin, soyuducu kameraların qurulması, kiçik istehsal və xidmət sahələrinin yaradılması planlaşdırılır.

Sənaye Parkının yaxınlığında yaşayış məntəqəsi olmadığı üçün sosial zonada 150 nəfərlik konteyner şəhərciyi qurulacaq. Şəhərcikdə Parkın idarə olunması və rezidentlər üçün ofis binaları, inzibati heyət, rezidentlər, tikintini həyata keçirən mühəndis və fəhlələr üçün yaşayış binaları və xidmət obyektləri, tibb məntəqəsi, idman meydançası və digər infrastruktur yaradılacaq.

Bu layihənin həyata keçirilməsi bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.

Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu qum-çınqıl, mişar daşı, kərpic gili, sement xammalı, gəc, əhəng və yəşəm kimi faydalı qazıntılarla zəngindir. İşğaldan əvvəlki dövrdə rayon iqtisadiyyatının əsas sahələri üzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıq olub. Həmçinin rayonda qaramal kökəltmə, quşçuluq və baramaçılıq təsərrüfatları, xalçaçılıq müəssisəsi, üzüm emalı, çörək zavodları, kənd təsərrüfatı texnikasının təmiri müəssisələri fəaliyyət göstərib.

***

Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub.

Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

5-10-2021, 12:13
Вернуться назад