DataLife Engine / İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

İlham Əliyev İsveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Kristian Kamill deyib:

“Cənab Prezident, əlahəzrət İsveç Kralı tərəfindən imzalanmış və məni Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir kimi təyin edən etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Cənab Prezident, icazə verin, əlahəzrətin Sizə və Azərbaycan xalqına səmimi və ən xoş arzularını çatdırım”.


Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev deyib:

“Xahiş edirəm mənim də ən xoş arzularımı əlahəzrətə çatdırın. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı uğurla davam edəcək. Tezliklə ölkəmizə səfərə gələcək sizin Xarici İşlər nazirinizi qəbul etməyi və əməkdaşlığımızla bağlı geniş məsələləri, habelə Avropa İttifaqı ilə gələcək əməkdaşlığımızı müzakirə etməyi səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, İsveç Avropa İttifaqı ilə regionumuz arasında daha geniş əməkdaşlıqla bağlı həmişə fəal olub. Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək. Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə etdi. Bizdə bir neçə ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim heç bir fəal, fiziki təmaslarımız olmadı. Lakin faktiki olaraq əməkdaşlıq davam edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq.

Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirlərin fəaliyyəti sayəsində bu imkan yaranacaq. Mən sizə ölkəmizdə xoş vaxt keçirməyi və fəal iş arzu edirəm”.

Səfir Kristian Kamill: “Çox sağ olun, cənab Prezident. Mən Sizi çox diqqətlə dinlədim. Mənim artıq yaxşı tanıdığım və mənə əziz ölkə olan Azərbaycanda mehriban qarşılanmağıma görə Sizə təşəkkür edirəm. İsveçin Bakıda ilk rezident səfiri olaraq ikitərəfli əlaqələrimizin daha da güclənməsinə töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həqiqətən də bizim Xarici İşlər nazirinin artıq gələn həftə ölkənizə səfəri vaxtında baş tutur. Mən bunu səbirsizliklə gözləyirəm.

Cənab Prezident, mən İsveçin Avropa İttifaqının ölkənizlə daha sıx əməkdaşlığa dəstəyini qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Şərq Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə Stokholmda Azərbaycandan böyük nümayəndə heyətini görməyə şad olduq. İndi biz bu əməkdaşlığı daha da inkişaf etdirməliyik. İsveç bu danışıqları dəstəkləmək əzmində olan ölkələrdən biri olmağa hazırdır. Mən əlbəttə ki, ölkələrimiz arasında biznes əlaqələrinin daha da yaxından qurulmasında üzərimə düşən işi görə biləcəyimə ümid edirəm”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilin etimadnaməsini qəbul edib.

"Ölkə.Az" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

24-09-2020, 12:47
Вернуться назад