DataLife Engine / İlham Əliyev Cozef Baydeni təbrik etdi

İlham Əliyev Cozef Baydeni təbrik etdi

İlham Əliyev Cozef Baydeni təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb.

"Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərimiz, ikitərəfli əlaqələrimizin inkişaf dinamikası məmnunluq doğurur.

İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir. Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bildiyiniz kimi, keçən il 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilmişdir.

Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaratmış, davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırmışdır. Hesab edirəm ki, ABŞ yaranmış reallığa uyğun olaraq Azərbaycan ilə Ermənistan arasında ərazi bütövlüyünə, suverenliyə, sərhəd toxunulmazlığına qarşılıqlı hörmət əsasında dayanıqlı sülhün bərqərar olmasına və etimad mühitinin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz bu prosesdə tərəfdaş qismində ABŞ şirkətlərini də görmək istərdik.

İnanıram ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə bir daha Sizə ən səmimi təbriklərimi yetirir, Amerika Birləşmiş Ştatlarına daim əmin-amanlıq və rifah arzulayıram".
3-07-2021, 13:24
Вернуться назад