“Azərbaycan Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və YUNESKO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib. 2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulayıb və təşkilatı bu prosesi sürətləndirməyə çağırıb. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib. Azərbaycan BMTQAK missiyasını da qəbul etməyə tam hazırdır. Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözləyirik”, - deyə XİN rəsmisi qeyd edib.