DataLife Engine / Metsamor AES-in tullantıları işğalda olmuş torpaqlara basdırılıb - Qənirə Paşayeva

Metsamor AES-in tullantıları işğalda olmuş torpaqlara basdırılıb - Qənirə Paşayeva

Metsamor AES-in tullantıları işğalda olmuş torpaqlara basdırılıb - Qənirə Paşayeva


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının II Ümumi Konfransının “Qadınlar üçün iqlim dəyişikliklərinin çətinlikləri: Parlament həll yolları” mövzulu sessiyasında çıxış edib.
Q.Paşayeva Azərbaycanda dövlət qadın siyasətində ənənə və novatorluq, qadının cəmiyyətdə özünəməxsus yerə və rola yiyələnməsi üçün həyata keçirilən dövlət siyasəti, ailə, uşaq, qadın işinə məhz konseptual baxışın mövcudluğundan söz açıb:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu vacib istiqamətlərdə böyük xidmətlərini minnətdarlıqla qeyd etməyi özümə borc bilirəm. Mehriban xanımın özünün şəxsiyyəti, təşəbbüskarı olduğu irimiqyaslı layihələr, o layihələrin uğurlu nəticələri qadınlar üçün bir stimul, qürur mənbəyi və örnəkdir.

Mənim ölkəmdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və eyniadlı parlament komitəsi mövcuddur. Seçkili və icra orqanlarında qadınların təmsilçiliyi diqqətə və təqdirəlayiq səviyyədədir.

Azərbaycan qadını 30 ilə yaxın sürən Ermənistan işğalı nəticəsində, bir çox hallarda nəinki ictimai-siyasi fəaliyyətlə məşğul olmaq hüququnu, ən elementar  hüquqlarını itirib.

Müharibə və işğal illəri yalnız qadınların hüquqlarını məhdudlaşdırmayıb,  bugünkü sessiyamızın digər mövzusu olan flora və faunanın, nəticə etibarı ilə iqlimin də ciddi pozulmasına gətirib çıxarıb. Təsəvvür edin, şəhərlər, kəndlər, hətta qəbirstanlıqlar dağıdılıb, yaşıllıqlar məhv edilib, torpağın altı üstünə çevrilib, eroziyaya uğradılıb, bulaqlar qurudulub... Hətta, 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Bəyanatı imzalandıqdan sonra Kəlbəcərdən, Laçından çıxan ermənilər oradakı ev və çöl heyvanlarını öldürdü, ağacları kəsdi, evlərə, tövlələrə od vurdu... BBC bu olayları canlı bağlantı ilə bütün dünyaya göstərdi...

Torpaqlar azad olunduqdan sonra Azərbaycan Prezidenti dövləti quruculuq-bərpa işləri çərçivəsində Qarabağda başdan-başa məhz “yaşıl zona”ların yaradılacağını elan edib və artıq bu işlərə başlanılıb. Qarabağda qurulacaq “ağıllı kənd”, “ağıllı şəhər”lər abadlığa, “yaşıl zona” standartlarına və təbiətin mümkün qədər daha çox qorunmasına imkan verəcəkdir.

Ölkəmizdə ekologiya və təbii sərvətlərlə əlaqədar dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı –  Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) fəaliyyət göstərir.  

Heydər Əliyev Fondunun bu sahədəki böyük layihələrini, o cümlədən Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İB-nin ardıcıl gördüyü işləri qeyd edə bilərik. Məsələn, bu il mayın 31-də İDEA və ETSN-nin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində üç fərqli balıqartırma zavodunda yetişdirilmiş 550000 ədəd körpə nərə balığının suya buraxılması mərasimi keçirilib.

Qadın parlamentarilərin fitrətindəki xeyirxahlıq, şəfqət onların təbiətə münasibətində də parlaq şəkildə təcalla edir.

Biz hər birimiz küləyin, suyun sərhəd tanımadığını bilirik. Bilirik ki birimizin ölkəmizdə təbiətə vurulan zərbənin acı nəticələri başqa ölkələrin təbiətinə, əhalisini də təsirləndir. Məsələn, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının hər an təhlükə törədə biləcəyi ilə bağlı ciddi elm-texnologiya, enerji mərkəzlərinin rəyləri bizdə narahatçılıq törədir. Metsamor AES Çernobıl AES-lə müqayisə oluna bilər; Çernıbılın ağır nəticələri yaxın-uzaq ölkələrə öz mənfi təsirlərini hələ da davam etdirirsə, bəşəriyyətin belə yeni problemlə üzləşməməsi hər birimizin maraq, məsuliyyət dairəmizdə olmalıdır. Onu da nəzərə alsaq ki, AES-in tullantıları Ermənistan tərəfindən axar sulara buraxılıb və vaxtı ilə işğalda olmuş torpaqlara basdırılıb, bu, artıq insanlıq suçu, bəşəri cinayətdir.

Çıxışımın sonunda bütün qadın deputat həmkarlarımı qeyd olunan problemlərin həllində həmrəyliyə çağırıram”.modern.az
10-06-2021, 09:41
Вернуться назад