Ötən gecə davam edən intensiv döyüşlərdə rəşadətli Ordumuz yeni uğurlara imza atıb. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində düşmənə ciddi ziyan vurulub və işğalçı erməni ordusunun silah və sursat, yanacaq ehtiyatları anbarları darmadağın edilib.
Azvision.az xəbər verir ki, bunu Füzulinin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ən xoş məqamlardan biri də şanlı Ordumuzun yeni vacib yüksəklikləri azad etməsidir:
"Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülməsi isə ondan xəbər verir ki, rəşadətli Ordumuz işğal altında olan Yuxarı Qarabağ istiqamətində inamla irəliləməkdə davam edir. Oktyabrın sonları olmasına baxmayaraq, hava şəraiti də şanlı Ordumuza zəfər yürüşünü davam etdirməyə imkan verir. Yuxarı Qarabağın təbii relyefini nəzərə alsaq, böyük qələbənin daha da yaxınlaşması üçün vacib yüksəkliklərin azad edilməsi hərbi baxımdan çox əhəmiyyətlidir. Bu, eyni zamanda bir neçə yaşayış məntəqələrinə nəzarət imkanı və işğalçı erməni ordusunun nizamsız qaydada mövqeləri tərk etməsi deməkdir. Deməli, böyük qələbə daha da yaxınlaşmaqdadır. Ordumuz həftəsonu da zəfər yürüşünü davam etdirməkdədir. Qarabağ Azərbaycandır!"