“Qara göbələk” dediyimiz və Hindistanda yayılan bu xəstəlik uzun illərdir mövcuddur. Göbələk vanna otaqları, divarların dibi və meşələr kimi nəm yerlərdə, anaerob (oksigensiz) mühitdə inkişaf edir. Hindistanda koronavirusun ikiqat mutasiyası baş verdi və 300 min nəfərə qədər ölü sayı var. Orada əhalinin müəyyən bir hissəsinin immun sistemi çox zəif olduğuna görə insanlar kütləvi olaraq bu xəstəliyə yoluxublar. 4-cü dalğa mutasiya olunmuş ştamm üzərində davam edərsə, bu, böyük itkilərə də səbəb ola bilər.
"Yol-xeber.az" xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla Hindistanda aşkarlanan və Rusiyada da tapılan “Qara göbələk” (Qara kif) xəstəliyi və bu xəstəliyin koronavirusla əlaqəsi haqda danışarkən deyib.
O bildirib ki, müalicədən yayınma imkanı olan ikiqat mutasiya dünyaya yayılsa, çox böyük narahatlıq doğuracaq, çünki insanlar artıq pandemiyadan bezib:
“Post-COVİD sindromu deyilən bir əlamətlər toplusu da var ki, koronavirusa yoluxmuş xəstələrdə immun sistemində və orqanizmdə ağır problemlər yaradır. “Qara göbələk” xəstəliyinin də bu cür orqanizmləri zəifləmiş insanlarda inkişaf etməsini müşahidə etmək olar. Bu xəstəlik selikli qişalar, dəri və nəfəs yollarında ciddi dəyişikliklər törədir. Əlbəttə, bu xəstəliyin pandemiya yarada biləcəyi ilə bağlı iddialar yoxdur, ancaq COVİD-19 pandemiyasının sona çatması üçün bütün dünya ölkələri imkanlarını səfərbər etməlidir. Tezliklə bütün dünya, əhilinin heç olmasa 50%-dən çoxu vaksinasiya olunmalıdır. COVAX platformasının dünya ölkələrini vaksinlə təmin etməsi çox vacibdir, çünki pandemiya ayrı-ayrı ölkələrin məsələsi deyil, bütün dünyanın problemidir”.