Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Ölkə.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı yaşadığı ünvanda narkotik vasitə gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb.
Şəxsi axtarış zamanı həmin şəxsdən siqaret qutusunda narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə də baxış keçirilib və nəticədə həyətyanı sahədəki tikilidə saxladığı 470 qram qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Polis əməkdaşları tərəfindən Q.Abduləzimovun yaşadığı ünvana baxış keçirilən zaman orada olan və onunla iş birliyi quran Səməd İsayev də narkotiklərin,eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.
Şəxsi axtarış zaman həmin şəxsdən isə metamfetamin aşkarlanıb.
Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı şəhər sakini Seymur Bayramov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan 6 qramdan artıq kustar üsulla hazırlanmış marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı onun Kür çayı sahilindəki kolluq ərazidə də narkotik vasitə gizlətdiyi müəyyən olunub. Həmin yerə baxış keçirilən zaman oradan sellofan torbada 455 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı ŞPŞ-də cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.