Bayram Səfərov: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu xalqımızın xəyalını reallığa çevirdi
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov - 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi: “Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir”.
Parlamentin komitə sədri qeyd edib ki, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi: “Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-yə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə, yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı, qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir”.
Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balansın tamamilə Azərbaycanın xeyrinə dəyişəcəkdir: “Ermənistanın öz müqəddəratını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşür, hər şey yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə əsasən həll edilir. Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək. Rusiya sülhməramlılarının nəzarəti altında olacaq Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq”.
Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir: “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir. Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil”.
Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır: “Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi, Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar”.
Ermənistan 1992-1993 illərdəki Azərbaycanı xatırlatdığını idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunmasının ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürüklənib: “Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Xaricdən erməni lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, hərbi texnika məhv edilib. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistanda az-çox normal ordu yaratmaq və onu təchiz etmək üçün onilliklər lazımdır”.
Qlobal məsələlərlə bir-birinə qarşı daim antoqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi: “Bu mövqe ilə Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf 7 rayon daxil olmaqla Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. Danışıqlar prosesi imitasiya edilirdi, mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoyulmasına çalışılırdı. Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaqardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdu”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı. Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu. Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi, Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, Azərbaycan Prezidenti ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu. Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi, Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərini mətinliklə dəf etdiyini aydın göstərir”.
Azərbaycanda radikal müxalifətin Qarabağ mövzusunda spekulyasiyalarına da toxunub: “Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonlar itirilmişdi. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur”.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu: “Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək”.
20-11-2020, 10:47
Вернуться назад