DataLife Engine / HESAB VAXTI: Ermənilər silah qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır

HESAB VAXTI: Ermənilər silah qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır

HESAB VAXTI: Ermənilər silah qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır


Qarabağ cəbhəsindəki hərbi əməliyyatlar nəticəsində həm də Ermənistanın atəşkəs dövrü ərzində işğal etdikləri torpaqlarda törətdikləri saysız-hesabsız qaranlıq əməllər beynəlxalq gündəliyə çıxarıldı. Yəni Azərbaycan hökumətinin bu barədə dedikləri və yazdıqları əvvəllər beynəlxalq birlik tərəfindən qulağardına vurulurdusa, indi geniş ictimai dövriyyəyə buraxılıb. Artıq konkret dəlil-sübutlar vasitəsilə işğalçı ölkəni beynəlxalq hüquq müstəvisində də cəzalandırmaq üçün şərait yetişir.
Prezident İlham Əliyevin son bəyanatlar və müsahibələrdə irəli sürdüyü məsələlərdən biri Ermənistan ordusu tərəfindən qaçaq silahlardan istifadə olunmasıdır. Məsələn, oktyabrın 20-dəki müraciəti zamanı dövlət başçısı qeyd edib: “Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb – toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər?” Həmçinin məhv edilmiş hərbi texnika sırasında 4 əsas “S300” hava müdafiə sistemi də var ki, qeyri-rəsmi məlumatlara görə beynəlxalq bazarda hər divizionunun qiyməti 250 milyon ABŞ dollarıdır.



Əslində, Ermənistan hətta bütün illik büdcəsini silah almaq üçün sərf etsə belə bu qədər hərbi texnika əldə edə bilməzdi. Belə ki, hesablamalara görə 1995-2020-ci illər ərzində Azərbaycanın müdafiə büdcəsi 30 milyard ABŞ dolları, Ermənistanın isə 6,5 milyard dollar təşkil edib.Stokholm Beynəlxalq Sülh Problemlərini Tədqiqat İnstitutunun (SIPRI) hesabatına görə, Azərbaycan hərbi büdcəsi ÜDM-sinin 4 faizi və daha çox hissəsi təşkil etdiyi 10 ölkədən biridir. Bu ildə rəsmi məlumata görə müdafiə xərcləri 2,2 milyard dollardan artıqdır ki, bu vəsaitin böyük hissəsi tam qanuni əsasla, yəni aidiyyəti beynəlxalq sənədlərin müddəaları çərçivəsində silah-sursat almağa sərf olunur.

Azərbaycan aldığı silah və hərbi texnikanın mənbəyini və növlərini gizlətmir, bu barədə internetdən asanlıqla məlumat almaq olar. Ermənistanın isə bu il hərbi büdcəsi oktyabr ayında əlavə edilən 80 milyon dollarla birlikdə 600 milyon dollar təşkil edir. Bu ölkənin əlində döyüşlər başlayanadək rəsmi olaraq cəmi 150 tank vardı ki, bu da hərbi əməliyyatlar zamanı iordumuz tərəfindən məhv edilmiş tankların yarısıdır.

Hər bir ölkə silah və hərbi texnikasının qanuniliyini yoxlayan BMT ekspertlərinin üzünə açıq olmalıdır. Belə çıxır ki, Ermənistan istifadə etdiyi silah və hərbi texnikasının böyük hissəsini qaçaq yolla, gömrük sənədləri tərtib olunmadan əldə edərək dərhal da işğal etdikləri Qarabağ ərazisinə ötürürmüş. Azərbaycan rəsmilərinin də dəfələrlə qeyd etdikləri kimi həmin silahlar işğal olunmuş ərazidə sadəcə saxlanmır, bir çoxu qara bazarda xırıd edilirdi. Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev iyul ayında keçirdiyi mətbuat konfransı zamanı qeyd edib: “Ermənistan tərəfi saxta şirkətlər yaradaraq qara bazarda qanunsuz silah təchizatı ilə məşğul olur”.



Qaçaq silahların rəsmi bazardakı qiymətindən qat-qat ucuz satıldığı nəzərə alınsa, Ermənistanın nə qədər qazanc götürdüyünü təsəvvür etmək çətin deyil. Həm də bildiyimiz kimi, Ermənistan əlində olan silah və hərbi texnikanın böyük hissəsini qeyri-rəsmi “yardım”lar şəklində, yaxud müddətsiz kreditlər vasitəsilə alır. Əlbəttə, həmin silahların əksər hissəsi köhnəlib, amma müxtəlif terrorçu təşkilatlar, döyüş qrupları tərəfindən ona da böyük tələbat var. Belə terrorçu dəstələr üçün işğal altındakı ərazilərdə hərbi təlimlər də təşkil edilirdi, özü də təbii ki, ödənişli əsasla. Bütün bu qanunsuz fəaliyyətlərdən əldə edilən külli miqdarda vəsaitlər Ermənistanın rəsmi büdcəsindən yan keçərək, həm də yüksək rütbəli rəsmilərin xəbərdar olduqları, bəlkə də iştirak etdikləri müxtəlif korrupsiya yolları ilə xaricə ötürülüb. Halbuki rəsmi rəqəmlərə görə Ermənistanda hər dörd nəfərdən biri yoxsulluq həddində yaşayır.

Cəbhədə hərbi əməliyyatlar başlayandan bu yana döyüş bölgəsinə qaçaq yolla silah ötürülməsi daha geniş vüsət aldı və Azərbaycan buna dair ən yüksək səviyyələrdə bəyanatlar verib. Təbii ki, kasıb ölkə olan Ermənistan bütün bunları öz büdcəsindən ödəmək iqtidarında olmadığına görə erməni diasporunun qanunsuz “səxavət”ini güman etməkdən başqa əlac yoxdur.



Sözsüz ki, Azərbaycan ordusu indiyədək düşmənin cəbbəxanasına çox böyük zərbə vurub. Ekspertlərin qənaətinə görə, qarşı tərəfin silah ehtiyatını 27 sentyabrdan əvvəlki səviyyəyə çatdırmaq üçün azı 10-15 il vaxt lazım gələcək. Bu da hələ Ermənistan hərbi büdcəsinin heç olmasa hazırkı həcmdə olacağı təqdirdə mümkündür ki, heç də ağlabatan görünmür.

Beləliklə, işğal etdikləri əraziləri itirməklə Ermənistan həm də saysız-hesabsız terrorçu dəstələrilə yürütdüyü qanunsuz əməkdaşlıqdan əldə etdikləri külli miqdarda qara pullardan olmaqla qanunsuz yollarla əldə etdikləri silahları gizlətmək üçün yerlərdən, elə bütövlükdə hərbi gücünün mühüm hissəsindən də məhrum olacaq. (Report)

Qulu Nuriyev, ekspert
22-10-2020, 11:44
Вернуться назад