Manaf Səmədzadə: Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür

Cəmiyyət 11-dek, 23:389 admin 320 0

Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə  - Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. İllər əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu illərin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu illərdə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.

Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Müstəqil dövlətin bir neçə əlaməti vardır ki, onların heç biri Azərbaycanda yox idi.


Azərbaycan müstəqil xarici siyasət apara bilmirdi, başqa dövlətlərin təsiri altında idi. Müstəqil iqtisadiyyat, demək olar ki, yox idi, ümumiyyətlə, iqtisadiyyat dağılmış vəziyyətdə idi. Dövlətçiliyin əsasları yaradılmamışdı. Belə olan halda Azərbaycanı 1993-cü ilə qədər müstəqil dövlət saymaq düzgün olmazdı.

Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.

1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Nə üçün? Bir neçə səbəb var idi. İlk növbədə, Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. O illər xalqın yaddaşında yaşayırdı. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmışdır, sovet rəhbərliyinin bu cinayətini pisləmişdir, onu qınamışdır. Sovet rəhbərliyini ittiham etmişdir, Kommunist Partiyasından imtina etmişdir, onun sıralarını tərk etmişdir və əsl liderlik keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir.

Bütün bunlar onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.

Ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.

Ondan sonrakı dövrdə də Heydər Əliyev siyasəti davam etdirilmişdir. 2003-2013-cü illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixdə qalmışdır. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Sadəcə olaraq, biz Ulu Öndərin siyasətinə sadiq qalaraq onun siyasətini yaşatmışıq, zənginləşdirmişik və Azərbaycanı inamla irəliyə aparmışıq.

Son on il ərzində istənilən istiqamət üzrə böyük nailiyyətlər, nəticələr, uğurlar vardır. Azərbaycan dünya birliyinin böyük dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Azərbaycan iqtisadi sahədə dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bizim rayonlarımızın abadlaşması proqramı uğurla icra edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilmişdir. Biz kosmik dövlətə çevrilmişik. Artıq Azərbaycan peyki fəzaya qaldırılmışdır. Biz energetika, nəqliyyat sahələrində ölkəmiz üçün, dünya üçün vacib olan layihələri icra etmişik ki, bu layihələr xalqımızın, ölkəmizin uğurlu yaşaması üçün bundan sonra onilliklər ərzində xidmət göstərəcəkdir.

Bütün bu nailiyyətlərin əldə edilməsində başlıca şərt Heydər Əliyev siyasətinə olan sədaqətimizdir. On il bundan əvvəl Azərbaycan xalqına söz vermişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam, bu yoldan dönməyəcəyəm. Şadam ki, verilən bütün sözlər həyatda öz əksini tapmışdır. On il ərzində Heydər Əliyev siyasəti yaşadı, inkişaf etdi, Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşadı.

Son 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar bu gün dünyada öyrənilir, tədqiq edilir, müxtəlif məqalələr, elmi əsərlər yaradılır və Azərbaycanın uğurlu inkişafının sirləri araşdırılır. Mənə dəfələrlə bu məsələlərlə bağlı suallar verilir ki, Azərbaycan son illər ərzində belə böyük inkişafa necə nail ola bilmişdir?!

Əlbəttə ki, bu barədə çox danışmaq olar. Bu gün sadəcə olaraq demək istəyirdim ki, öz xalqına bağlı olmaq, xalqı sevmək lazımdır. Dövlətə bağlı olmaq lazımdır. Müstəqilliyi hər şeydən üstün tutmaq lazımdır və Heydər Əliyev kimi lider olmaq, ona oxşamaq lazımdır. O, öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqın inamı ona əlavə güc verirdi. Ona imkan verirdi ki, ölkə maraqlarını daha da böyük uğurla müdafiə etsin. Xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızın əsas səbəbidir. Çünki bizim siyasətimizin təməlində Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları dayanır. Belə olan halda əlbəttə ki, uğurlar da olacaqdır. Düşünülmüş siyasət aparılmalıdır, xalqla iqtidar arasındakı birlik möhkəm olmalıdır və əlbəttə ki, müasir dünyada, dünya xəritəsində layiqli yer tutmaq üçün cəsarətli siyasət aparılmalıdır.
Bütün bunları biz Heydər Əliyevdən öyrənmişik, öyrənirik, öyrənəcəyik. Gənc nəsil də vətənpərvərlik ruhunda tərbiyə alır. Gənc nəsil də gələcəkdə bu yolla getməlidir. Heydər Əliyev siyasəti davam etdirilməlidir. Ölkəmizin xoşbəxt gələcəyi üçün bu siyasətin alternativi yoxdur. Mən bunu on il bundan əvvəl demişəm, bu gün də deyirəm və həyat bunu təsdiq etdi.
Əgər Azərbaycan 1993-cü ildə, yaxud da ki, 2003-cü ildə başqa yolla getsəydi, ölkəmizi böyük faciələr gözləyərdi. Bizim üstünlüyümüz, xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan xalqı həlledici anlarda müdriklik göstərərək düzgün seçim etmişdir və bu seçimə sadiqdir. Bu seçim bizim gələcək uğurlarımızı da təmin edəcəkdir.

Əminəm ki, gələcəkdə bu siyasət uğurla davam etdiriləcəkdir. Bizim qarşımızda bütün yollar, bütün üfüqlər açıqdır, aydındır. Biz irəliyə gedirik, inkişafa doğru gedirik, bundan sonra da Azərbaycanı Heydər Əliyev siyasəti ilə idarə edəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini bundan sonra da təmin edəcəyik. Allah Ulu Öndərə rəhmət etsin.
Çap et
Oxşar Xəbərlər
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr