Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı VACİB AÇIQLAMA: “Şübhəli əşyalara toxunmayın”
Ətrafda şübhəli əşya gördükdə, qətiyyən ona yanaşmaq, toxunmaq olmaz. Birmənalı olaraq bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.
Oxu.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Araz FM radiosunda çıxışı zamanı deyib.
O bildirib ki, Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi ilə yanaşı ərazidə xidmət aparan polis əməkdaşlarına da bu barədə məlumat verilməsi vacibdir:
“Bu hər birimizin təhlükəsizliyinin təmin edilməsi üçün önəmli məsələlərdən biridir. Hər kəs mövcud vəziyyətlə əlaqədar daha həssas olmalı və qaydalara riayət etməlidir. Cəmiyyət olaraq üzərimizə düşən məsuliyyəti anlamalıyıq. Hərbi vəziyyət rejimi ilə əlaqədar komendat postlarında yoxlama zamanı müvafiq sənədlər polis əməkdaşlarına təqdim olunmalıdır. Hərəkətinə icazə verilməyən şəxslər hərəkətdən kənarlaşdırılır və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bu ümumilli məsələdir. Qarabağ Azərbaycandır.
Qarabğın işğaldan tamamilə azad olunması üçün hər birimiz üzərimizə düşən vəzifənin öhdəsindən gəlməliyik və gələcəyik. Yalnız ictimai həyatda deyil, sosial şəbəkələrdən istifadə zamanı da məsuliyyətli olmaq lazımdır. Belə ki, bizə aid olmayan, mənbəyi məlum olmayan informasiyaları sosial şəbəkələrdə paylaşılmamalıdır. Rəsmi məlumatlar üçün yalnız Azərbaycan Respublikasının Dövlət orqanlarına istinad edilməlidir. Hər bir vətəndaş bilməlidir ki, yanlız dövlət orqanları tərəfindən yayılan informasiyalar etibarlıdır”.