DataLife Engine / İmişli bazarı ilə bağlı kompensasiya tələbi: günahkar hansı qurumdur?

İmişli bazarı ilə bağlı kompensasiya tələbi: günahkar hansı qurumdur?

İmişli bazarı ilə bağlı kompensasiya tələbi: günahkar hansı qurumdur?


İmişli bazarında baş vermiş yanğınla bağlı sahibkarlar bir neçə gün öncə rayonun icra hakimiyyəti binası qarşısına toplaşaraq icra hakimiyyətindən və müvafiq qurumlardan onlara dəyən zərərin ödənilməsini istəyiblər.

Sahibkarlar iddia edir ki, obyektlərinin yanmasında əsas səbəb burada elektrik xətlərində yaranan qısa qapanma olub. Buna qədər ticarət mərkəzində gün ərzində bir neçə dəfə elektrik enerjisi kəsilib və həmin gün elektrik enerjisinin olmayacağı deyilib. Hadisə günü saat 6-7 radələrində isə sahibkarlar obyektlərini bağlayıb getdikdən sonra elektrik enerjisinin verilməsi təmin edilib. Bu da dərhal alovlanma və yanğının baş verməsinə səbəb olub.

Maraqlıdır ki, əgər sahibkarların iddiaları əsaslıdırsa, onlara kompensasiya ödənilə bilərmi?

Məsələni “Ölkə.az”a şərh edən sığorta üzrə ekspert İlkin İbrahimov bildirdi ki, sığorta kompensasiyasının ödənilməsi üçün daşınmaz əmlakın icbari sığortası olmalı idi. Burada isə hər hansı bir sığorta yoxdur:

“İcra hakimiyyətləri də onlara elə bu cavabı verəcək ki, sığorta etdirməli idilər. İcra hakimiyyətləri ilə vətəndaşlar arasında belə məsələlər həmişə olub. Bundan əvvəlki bazar yanğınları da eynilə belədi. Yəqin ki, istintaq orqanı hazırda məsələ ilə bağlı araşdırma edir. İstintaq yekunlaşdıqdan sonra yanğın səbəbinin qısa qapanma olduğu ortaya çıxarsa və “Azərişığ”ın günahı olduğu ortaya çıxarsa, bu məsələyə baxıla bilər. Çünki hadisə hər hansı bir tərəfin günahı ucbatından baş verirsə, zərəri həmin tərəf ödəməlidir. Əgər bazar rəhbərliyi də problemin qarşısını almayıbsa, o da bu məsələdə iştirak edə bilər. Buna görə də, istintaq orqanının yekun qərarını gözləməliyik”.



Ekspert bildirib ki, sığortanın olmamasına görə birbaşa bazar rəhbərliyi məsuliyyət daşıyır. Çünki onlar öz əmlaklarını vaxtında sığorta etdirməli idilər ki, belə hallarda kompensasiya verilsin:

“Lakin onlar da deyə bilər ki, biz sığorta şirkətlərinə müraciət edirdik, onlar isə sığortalamırdı. Çünki sığorta şirkətləri bütün təhlükəsizlik qaydalarını nəzərə alır. Məsələn, obyektdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, əlavə olaraq da bazarda satılan mallarla bağlı vergi şəffaflığı təmin olunmalıdır ki, sığorta şirkəti sığortalamaya getsin.

Sahibkarların sığortalanmasına nəzarəti Fövqaladə Hallar Nazirliyi (FHN) edir. Bununla bağlı yəqin ki, FHN  açıqlama verəcək. Çünki FHN obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət edir və ola bilər ki, bununla bağlı qurumun bazar rəhbərliyinə bir neçə müraciəti olub. Əslində FHN tərəfindən 3 dəfə belə müraciət olunduqdan sonra bazar bağlanmalıdır”. 



“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Ölkə.az”a açıqlamasında bildirdi ki, transfarmator İmişli bazarının özəl transfarmatoru olub:

“Transfarmator özəl, şəbəkə də daxili şəbəkə olub. Bütün bunlar “Azərişığ”ın balansında olmadığı üçün qurum buna cavabdeh deyil. Sadəcə bazarın rəhbərliyinin müraciəti əsasında “Azərişıq” özəl transfarmatoru onların istəyi ilə dəyişib və akt əsasında oraya cərəyan verilib”. 

Fövqaladə Hallar Nazirliyi təhlükəsizlik məsələsi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, vətəndaşlar hadisə zamanı təqribən 200 nəfərə yaxın sahibkarın obyektinin yandığını və heç bir məhsulun bazardan çıxarıla bilmədiyini söyləyiblər. Bildirilib ki, sahibkarların 20 min manatdan 250 min manata qədər əmlaklarına ziyan dəyib. 
2-07-2021, 12:38
Вернуться назад